Avqustun sonunda Kiprin Kireniya şəhəri yaxınlığında batan “FiloJet” sürətli gəmi qəzasında ölənlərin sayı 18-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə beynəlxalq səviyyədə tanınmayan Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 28-də aşkarlanan iki meyitin kimliyinin müəyyənləşdirilməsi üçün aparılan DNT ekspertizası başa çatıb. Meyitlərin batan gəminin sərnişinlərinə məxsus olduğu müəyyənləşdirilib. Onlardan birinin 5 yaşlı Mehmet Asaf Biçer olduğu bildirilib.
Ünal Üstel sentyabrın 29-da axtarışlar zamanı daha bir meyitin aşkarlandığını da açıqlayıb. Həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün DNT ekspertizası başladılıb.
Kipr mediasının məlumatına görə, sonuncu meyitin aşkarlanmasından sonra qəza nəticəsində ölənlərin sayı 18-ə yüksəlib.
Qeyd edək ki, ikimərtəbəli, iki gövdəli “FiloJet” gəmisi avqustun 30-da Kireniya şəhərindən Türkiyənin Mersin vilayətinin Silifke rayonundakı Taşucu limanına hərəkət edib. Gəmi açıq dənizə çıxdıqdan qısa müddət sonra su almağa başlayıb, çevrilərək 554 metr dərinlikdə batıb.
Hadisə zamanı su nəqliyyatının göyərtəsində 267 nəfər olub. Onlardan 239-u xilas edilib.
Hazırda 18 nəfər ölü hesab olunur, 10 nəfər isə itkin düşmüş sayılır.
Tahir Turan
Globalinfo.az