Topçu Vüsal fransızlardan şikayət edəcək

Xəbər verdiyimiz kimi, erməni maraqlarına xidmət edən 3 fransız kino işçisi film hazırlamaq üçün yardım kampaniyasına başlayıb. Guya Ermənistanın təhlükədə olmasını əsas gətirən “sənət” adamları təcili film hazırlamaq istədiklərini bildiriblər.

Globalinfo.az bildirir ki, qəribə görünsə də, onlar yardım kampaniyasında poster kimi azərbaycanlı topçu Vüsalın fotosundan istifadə ediblər.

Bununla bağlı Modern.az-a danışan topçu Vüsal (Vüsal Şahkərimov) belə halların qəbuledilməz olduğunu bildirib və bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini söyləyib.

“Mənim döyüşdə çəkilən fotomu götürərək özlərinki kimi qələmə vermək və bunun üzərindən pul yığmaq qəbul edilməzdir. Bu kimi halların qarşısını almaq üçün saxtakarlığın ifşa olunması lazımdır”, – deyə o bildirib.

V.Şahkərimov vurğulayıb ki, fransızların yol verdiyi saxtakarlıqla bağlı dövlət qurumları vasitəsilə beynəlxalq təşkilatlara müraciət etməyi düşünür.

“Biz həqiqətləri dünyaya çatdıraraq göstərməliyik ki, şəkildə olan Azərbaycan əsgəridir. Öncə dövlət qurumları bununla bağlı tədbirlər görməlidir. Çünki orada mənim şəklimdən istifadə edərək pul yığmağa başlayıblar. Bu məsələ öz həllini tapmasa, mən özüm də dövlət qurumları ilə əlaqəyə keçərək beynəlxalq sferada həmin şəxsləri şikayət edəcəyəm”, – topçu Vüsal vurğulayıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi işitrakçısı olan Vüsal Şahkərimov Azərbaycan cəmiyyətində sözügedən görüntüsü ilə tanınmışdı.