zelenski 1 900x573 1

Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modini Rusiyanın Krivoy Roq şəhərində yerləşən “ArcelorMittal Krivoy Roq” metallurgiya zavoduna endirdiyi raket zərbələrinə münasibət bildirməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət katibi Ues Stritinq ilə görüşündə danışıb.

Ukrayna Prezidenti bildirib ki, Rusiya qüvvələri aylar ərzində zavodu sıradan çıxarmağa çalışıb. Onun sözlərinə görə, Ukrayna ərazisində yerləşən müəssisə Hindistan investorlarının böyük layihəsidir.

“Bu, nəhəng zavoddur. Ruslar aylarla onu məhv etmək üçün çalışıblar. Hindistanın Baş naziri Narendra Modinin buna münasibət bildirməsi yerinə düşərdi. Bu, Ukraynada həyata keçirilən böyük Hindistan layihəsidir”, – deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, müəssisədə 20 mindən çox insan çalışıb və zavod Hindistan investorlarına məxsusdur. Həmin investorların dünyanın müxtəlif ölkələrində də metallurgiya aktivləri var.

Rusiya hücumları nəticəsində Ukraynanın ən böyük dağ-mədən və metallurgiya müəssisələrindən biri olan “ArcelorMittal Krivoy Roq”un fəaliyyəti dayandırılır. Zavodun istehsal aktivlərinin soyuq dayanma rejiminə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müəssisə Ukraynanın ÜDM-nin təxminən 1 faizini formalaşdırır, podratçı şirkətlər də daxil olmaqla, on minlərlə insanın məşğulluğunu təmin edir. Zavod Krivoy Roq şəhərinin iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: