Tiflisdə xüsusi təyinatlı polislər etirazçıları dağıtdı – FOTOLAR / VİDEO

Polis Tiflisdə parlament binasının qarşısında keçirilən etiraz aksiyasına müdaxilə edib.

Xüsusi təyinatlı qüvvələr su şırnağı, gözyaşardıcı və bibər qazından istifadə edərək Parlament binasının girişlərinin yerləşdiyi küçələri, eləcə də Rustaveli prospektini etirazçılardan təmizləyib.

 

 

Polislə qarşıdurma zamanı parlament binasının pəncərələrini sındıran etirazçılar ərazidəki polis maşınını aşırıblar.

Xəsarət alan və saxlanılanlar var.

Aksiya zamanı etirazçılarla hökumətyönümlü “İmedi” telekanalının əməkdaşları arasında fiziki qarşıdurma da baş verib.

***

Hazırda Tiflisin mərkəzində iğtişaşlar davam edir.

Aksiya iştirakçıları polis avtomobilini aşırıblar.

***23:40

Gürcüstan müxalifətinin fəalları milli parlamentin binasını mühasirəyə alıblar.

Onlar binanın şüşələrini sındırıb, parlamentin yaxınlığındakı hasarları söküblər.

Hadisə yerində Gürcüstan polisinin xüsusi təyinatlıları var və onlar etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edirlər.

Müxalifət fəalları isə qoruyucu maskalar və xüsusi qaz maskaları taxırlar.

Xatırladaq ki, müxalifət xarici agentlər haqqında qanunun qəbuluna qarşıdır. Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də dəstək verib.

***22:55

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində etirazçılar parlamenti mühasirəyə alıblar.

Globalinfo.az xəbər verir ki, nlar asayiş keşikçilərini öz tərəfinə keçməyə və güc tətbiq etməməyə çağırırlar.

Aksiya iştirakçılarının bir hissəsi hətta sözügedən binanın girişinin qarşısındakı hasarı sökməyə çalışır.

 

***

Tiflisdə polislə toqquşma nəticəsində xəsarət alanlar var.

***

21:45

Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyasının miqyası genişlənib.

Globalinfo.az xəbər verir ki, parlament binasının qarşısına toplaşan müxalif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, media nümayəndələri və vətəndaşlar “xarici agentlər” haqqında qanuna etiraz ediblər.

Aksiyaya paytaxtın müxtəlif universitetlərində təhsil alan tələbələr də qoşulublar.

Etirazlar səbəbindən Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiyada etnik azərbaycanlı vətəndaş cəmimyyəti fəalları da çıxış ediblər.

Etiraz aksiyasında Gürcüstanın, Avropa İttifaqının və Ukraynanın himnləri səsləndirilib.

Əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım maşınları cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Yerli KİV daha 10 nəfərin saxlanılması barədə məlumat yayıb.

Bununla da ötən gündən bəri saxlanılanların sayı 76-ya çatıb.