“Flightradar24” AZAL təyyarəsinin qəzaya uğramamışdan əvvəlki trayektoriyasının 3D versiyasını paylaşıb.
Globalinfo.az xəbər verir ki, qəzadan əvvəl radarlarda əks olunmayan uçuşun bir hissəsinin rekonstruksiyası yayımlanıb.
Vurulan təyyarənin bütün Xəzəri necə çətinliklə keçdiyi, tez-tez qalxıb-enib, özünü tarazlamağa cəhd göstərdiyi aydın görünür.
Qeyd olunur ki, “J28243” reysi ilə Bakıdan Qroznıya uçan təyyarə UTC 03:55-də yola düşüb. Təyyarə uçuş zamanı əhəmiyyətli GPS müdaxiləsi ilə qarşılaşdığı zaman ADS-B-nin yeri barədə dəqiq məlumatlar 04:25-ə qədər qəbul edilib. Təyyarə saat 04:25-dən 04:37-dək mövqe məlumatlarının göndərilməsini tamamilə dayandırıb. 04:37 ilə 04:40 arasında təyyarə təxmini səhv mövqe məlumatlarını göndərib.
“Flightradar24” qəbulediciləri 04:40-dan 05:03-ə qədər təyyarədən məlumat ala bilməyiblər və 05:04-dən 05:13-ə qədər ikinci boşluq yaranıb. 05:13-dən 06:07-dək təyyarədən alınan bütün məlumatlarda mövqe məlumatı olmayıb. 06:07 UTC-dən 06:28-ə qədər təyyarədən mövqe məlumatları qəbul edilib.