Tərtər RİH-dən antikorrupsiya əməliyyatı haqda açıqlama – RƏSMİ

“31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimov saxlanılıb”.

Bu barədə Globalinfo.az-ın sorğusuna cavab olaraq Tərtər rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə istintaqa cəlb olunub, məhkəmənin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib:

“Tofiq Kərimov 01 avqust 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilib. Təqsirləndirilən şəxsin digər qanunazidd əməlləri, habelə iş üzrə digər təqsirli şəxslərin əhatə dairəsini istintaq qrupu müəyyənləşdirdiyi üçün rayon icra hakimiyyəti bu barədə məlumat vermək səlahiyyətinə malik deyil. İstintaqın gedişi ilə bağlı vətəndaşlara Respublika prokurorluğu tərəfindən məlumat veriləcək”.

RİH-dən başçı Müstəqim Məmmədovun 31 iyul 2023-cü il tarixindən əmək məzuniyyətində olduğu bildirilib:

“Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon İcra hakimiyyətində əməliyyat aparılan zaman Müstəqim Məmmədov işdə olmayıb”.

Zaira Akifqızı
Globalinfo.az