“Tərtər işi” ilə bağlı müzakirələr, səs-küylü çıxışlar, bəyanatlar olsa da, hazırda proseslərin bir qədər səngiməsi müşahidə olunur. 2022-ci ilin dekbar ayında Milli Məclisdə bir neçə deputat sözügedən məsələ ilə bağlı bəyanat səslədirdi. Milli Məclisin komitə sədri, Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun çıxışı isə böyük əks-səda yaratdı. Z.Oruc çıxışında hərbi prokuror Xanlar Vəliyevin, keçmiş baş prokuror Zakir Qaralovun “Tərtər işi”ndə əsas məsuliyyət daşıdıqlarını dedi. Hər iki şəxsi açıq və sərt dillə tənqid etdi. Bu çıxışlardan sonra əksəriyyət düşündü ki, yaxın zamanlarda “Tərtər işi” ilə bağlı yeniliklər olacaq. Həbslərin olacağı, istefaların baş verəcəyi barədə proqnozlar səsləndirildi. Amma sanki bir əl, gizli iradə prosesi tormozladı. Məsələnin davamının qarşısı alındı. Bəs bu gün məsələ nə yerdərir?
Globalinfo.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov deyib ki, hazırda istintaq işləri aparılır.
O bildirib ki, bu işdə yenilənən icraatlar üzrə cinayət təqibinin qanuniliyinin və əsaslılığının, habelə, hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün bütün mümkün tədbirlər görülüb:
“Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı və Cinayət mühakimə icraatının vəzifələri, habelə, bu qanunvericiliyin əsas prinsipləri və şərtləri rəhbər tutulmaqla istintaq davam etdirilir.
İstintaq siyasi xarakterli və səs-küylü bəyanatlara yox, obyektiv və hərtərəfli araşdırmalara, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanır. Ona görə də istintaqın nəticələrini gözləmək lazımdır”.
AĞ Partiya başqanı Tural Abbaslı bildirib ki,“Tərtər işi” kifayət qədər qəliz və kökləri çox dərinə gedən məsələdir:
“Bu işin yenidən qaldırılması, cinayət işinin açılması, məhkəmə prosesinin başlaması, bəzi haqsız yerə cəza alanlara bəraət verilməsi təbii ki, təqdirəlayiqdir. Amma nəticə etibarı ilə görürük ki, məsələ qapalı qalır. Bu da gözlənilən idi. Burada baş verən proseslər əvvəl-axır iqtidarda təmsil olunan kimlərinsə kabnetinə, adına çıxılacaq. Ona görə də istər-istəməz məsələnin açılmamasında kifayət qədər maraqlı olan tərəflər var.
Biz təklif etmişdik ki, “Tərtər işi”nin araşdırılması üçün Türkiyədən xüsusi istintaq qrupu dəvət olunsun. Çünki onların bu işdə heç bir marağı yoxdur. Əgər iş onlara həvalə edilsə idi cinayət işi açılmış olardı. Bir şey var ki, hazırda vəzifədə olanlar, o zaman da vəzifədə idi. Ona görə də, bu işin belə tez həll olunması, ədalətli şəkildə açılması inandırıcı deyil”.
Hərbi Prokurorluqdan Globalinfo.az-a deyilib ki, hazırda məsələ ilə bağlı açıqlama verə bilməyəcəklər:
“Baş Prokurorluqda istintaq işi aparıldığı üçün nəsə deyə bilmərik. Zərurət olduqda, prokurorluq özü açıqlama verəcək”.
Zaira Akifqızı