2026 03 01T181031Z 1 LYNXMPEM2017C RTROPTP 4 IRAN CRISIS USA TRUMP NAVY 900x506 1

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumundan sonra Tehranda vəziyyətin daha da gərginləşməsi müşahidə olunur.

Prezident Məsud Pezeşkian və onun hakim komandasının dialoq və kompromis tərəfdarı olduğu, hərbi qanadın isə güzəştsiz mövqe tutduğu bildirilir. Bu da ziddiyyətin əsas səbəbi kimi göstərilir.

Gedişat nə vəd edir? İranda hərbi çevriliş mümkündür? SEPAH iqtidarı götürüb, hərbi diktatura yarada bilərmi?

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, fevralın 28-də ABŞ İsrail birliyi ilə İran arasında müharibənin başlamasından sonra ölkədə təhlükəsizlik və hərbi strukturların dominantlığı kifayət qədər artıb:

“Düzdür, İranın dini rejimi hər zaman öz çəkisini qoruyub saxlamağa çalışıb, lakin SEPAH-ın strateji qərarvermədə əvvəlkindən daha böyük rol aldığı açıq-aşkar görünür. Həmçinin qeyd etmək lazımdır ki, Pezeşkian administrasiyasının xarici siyasət və hərbi məsələlərdə manevr imkanları daralıb. Tehran hər şeyə rəğmən bu istiqamətdə parçalanma xəbərlərini təkzib etsə də, hərbi və mülki hakimiyyət arasında fikir ayrılıqları müşahidə olunur.

Məncə, məsələnin əsas mahiyyəti Pezeşkianın şəxsi təşəbbüsündə irəli sürülən prezident institutu ilə hərbi-təhlükəsizlik elitası arasında deyil, İranın gələcək idarəçilik modelinin necə olacağı uğrunda mübarizədədir. Pezeşkian iqtisadi təzyiqlərin azaldılması, diplomatik kanalların açıq saxlanılması və müəyyən kompromislərin mümkünlüyünü müdafiə edən siyasi xətti təmsil edir. SEPAH və ona yaxın sərt xətt tərəfdarları isə müharibə şəraitində güzəşti zəiflik kimi qəbul edən və əsas prioriteti hərbi çəkindirməyə verən mövqedə görünür. Son aylarda bu fərq xüsusilə ABŞ ilə danışıqların şərtlərində daha aydın hiss olunur. Amma yenə də bu mənzərəyə baxdıqda, SEPAH-ın hər hansı çevriliş edəcəyini düşünmürəm. Çünki SEPAH onsuz da İran siyasi sisteminin daxilində kifayət qədər gücə malikdir və onun hakimiyyəti ələ keçirməsi klassik çevriliş formasında baş verməyə də bilər. İran üçün bu gün ən real ssenari prezident və digər formal dövlət institutlarının saxlanılması, amma strateji qərarların getdikcə daha çox hərbi-təhlükəsizlik elitasının nəzarətinə keçməsidir. Digər tərəfdən, söhbət hərbi diktaturanın elan edilməsindən yox, sistemin daxilində hərbi-siyasi qanadın dominantlığının artmasından gedə bilər”.

Tamilla
Tamilla Qulami

Politoloq bildirib ki, bu proses dərinləşərsə, Pezeşkianın siyasi çəkisi daha da azalacaq:

“Nəticədə prezidentlik, əsasən iqtisadi və inzibati funksiyalara nəzarət edə bilər. Açıq hərbi çevriliş isə SEPAH üçün çox risklidir. Onsuz, hakimiyyət daxilindəki bəzi qrupların da ciddi müqaviməti var. Həmçinin diqqət etsək, görərik ki, 29 dekabr aksiyalarından bu yana cəmiyyətin reaksiyası da hələlik ört-basdır edilir. Əgər vəziyyətə nəzarət edə bilməsələr, rejimin legitimlik problemi daha da böyüyəcək. Buna görə qarşıdakı mərhələdə əsas məsələ hakimiyyətin real mərkəzinin seçilmiş prezidentdən hərbi-təhlükəsizlik strukturlarına nə qədər keçə bilməsi olacaq. ABŞ-ın İrana hücumları hələlik rejimə az da olsa, sərf edir. Çünki bu istiqamətdə daxili konsolidasiyanı saxlamaq hələlik düşmən aktoruna arxalanmaqla baş tuta bilir. Bütün hallarda ABŞ-ın də bu müharibəni uzatması, bir az da İranın hərbi rejiminin kreditini yavaş-yavaş xərcləməsidir. Zənnimcə, 28 fevraldan sonra hərbi rejimin artıq kifayət qədər narazılıq olan ölkədə hərbi struktura rəsmi keçid etmək istəyi öz ayağına sıxması olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: