Zəmanət verilib: bunu heç kim məhdudlaşdıra bilməz – Deputat

İnsan haqları, hüquq və azadlıqlar müasir dünyanın ən həssas, diqqətçəkən mövzularından biridir. Xüsusilə də keçmiş sovet respublikaları və sosialist düşərgəsi bununla bağlı ciddi problemlər yaşayıblar. Uzun illər avtoritar rejimlərdə yaşamış insanların hüquq və azadlıqlarının qorunması hər zaman prioritet olub – əsasən də müstəqillikdən sonra. Azərbaycanda da bununla bağlı ciddi addımlar atılır. Son 20-25 ildə insan hüquq və azadlıqları mövzusu dövlətin əsas hədəfi olub. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, nüfuzlu beynəlxalq təşkilatlara üzvlük bu məsələni dövlətimiz üçün bir qədər də aktuallaşdırır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, o cümlədən ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan dövlətinin konstitusion niyyətidir:

“Həm də dövlətimizin iki ali məqsədindən biri insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsidir. Konstitusiya qəbul edilərkən ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının, azadlıqlarının gözlənməsi və qorunması dövlətin öhdəliyi kimi müəyyən olunub. Eyni zamanda zəmanət verilib ki, hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada, eləcə də məhkəmədə müdafiəsi, bu çərçivədə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, qanunla nəzərdə tutulmuş hallarda bu hüququ ödənişsiz, dövlət hesabına həyata keçirmək imkanı təsbit edilib”.

Bəhruz Məhərrəmov

Deputat deyib ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təmini üzrə ən həssas istiqamət olan cinayət və inzibati xətalara dair icraat üzrə beynəlxalq standartlara uyğun normativ baza mövcuddur:

“Azərbaycan cinayət-prosessual qanunvericiliyi bizə imkan verir ki, cinayət törətməkdə təqsiri olmayan şəxsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, habelə heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan-vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

Eyni zamanda, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ ən yüksək səviyyədə təmin olunur. Yəni qanunvericilik səviyyəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bütün zəruri addımlar atılır, bu istiqamətdə davamlı təkmilləşdirmə prosesi gedir.

İndiki məqamda nisbi boşluq hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi sferasında müşahidə olunur ki, bu da qanunvericilik və inzibati üsullarla həll edilməsi mümkünsüz olan situasiyadır. Lakin bu sahədə nailiyyətləri olan cəmiyyətlərin keçdiyi yola nəzər salsaq, vətəndaşların hüquq və siyasi mədəniyyətinin yüksəldilməsi üçün uzun illər lazım olduğunu görə bilərik. Bu mənada hazırda müxtəlif müstəvilərdə həyata keçirilən effektiv maarifləndirmə tədbirlərinin nəticələrini görmək mümkündür”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması”

Zaira Akifqızı
Globalinfo.az