
Fələstinin HƏMAS qruplaşmasının əlində qalan İsrail əsirlərinin azad edilməsi ilə bağlı prosesi dayandırması Təl-Əvivdə ciddi narazılıq doğurdu. İsrailin müdafiə naziri İsrael Katz qruplaşmanın bu addımını atəşkəs razılaşmasının tamamilə pozulması adlandırıb.
Nazir məsələdən sonra orduya Qəzzada baş verə biləcək hadisələrə qarşı döyüş hazırlığının artırılmasını tapşırıb. Həmçinin yaşayış məntəqələrinin mühafizəsininin təmin olunması üçün ehtiyat tədbirlərinin görüldüyü də qeyd olunub.
HƏMAS və İsrail arasında əldə olunan atəşkəs rəsmi şəkildə pozuldu? Qəzza zolağında gərginlik razılaşma müddəti bitməmiş təkrar alovlana bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, məsələyə obyektiv yanaşdıqda tərəflər arasındakı razılaşmanı ilk olaraq İsrail tərəfinin pozduğu görünür:
“Belə ki, son həftələr ərzində Fələstin sakinlərinin Qəzzanın şimalına qayıdışı hansısa səbəblərdən ləngidilir. Bundan başqa Qəzza zolağının bəzi yerlərində fələstinlilərə atəş açıldığı haqda məlumatlar yayılıb. HƏMAS-ın açıqladığı xəbərlərdə bölgəyə gələn humanitar yardımların da İsrail tərəfindən əngəlləndiyi bildirilir.
Elvin Baxşalızadə
Bütün bu faktorları atəşkəsi sonlandıran amillər kimi qiymətləndirə bilərik. Səbr kasası dolan HƏMAS rəhbərliyi də cavab olaraq girovların azad olunması prosesini dayandırdığını elan etdi. Artıq İsrail Müdafiə Nazirliyi ordunun ən yüksək döyüş hazırlığına gətirilməsi üçün ilkin addımlar atmağa başlayıb. Bu barədə rəsmi açıqlama da verilib. Əgər toqquşmalar başlayarsa, bölgə yenidən “qan gölünə” dönəcək. Fələstinin mülki əhalisinin gələcəyə olan kiçik ümidləri də sona çata bilər. Təəssüf ki, hazırkı gedişat buna aparır”.
Qeyd edək ki, yanvarın 16-də ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında 42 gün müddəti üçün nəzərdə tutulmuş atəşkəs razılaşması imzalanmışdı.
Turan Rzayev
Globalinfo.az