“Sultan Murad darvazası” qarşısındakı ərazi ilə bağlı yaranmış suallara rəsmi cavab – FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (DTMQ) İdarəsi “Sultan Murad darvazası” qarşısındakı ərazi ilə bağlı yayımlanan xəbər ictimaiyyətdə suallar yaratdığı üçün əlavə məlumat təqdim edib.

Globalinfo.az xəbər verir ki, bildirilib ki, qeyd olunan pilləkən ərazisi XIX əsrin 60-cı illərindən başlayaraq ardıcıl qaydada inşa edilib:

“Son illər boyu iqlimin təsiri nəticəsində yol örtüyü və pilləkən daşları fiziki və bioloji aşınmaya məruz qalıb, sakin və qonaqlar üçün pilləkənlərdən istifadə zamanı narahatlıq yaranıb.

2023-cü ilin birinci rübündə aparılmış təmir-bərpa işləri zamanı öncədən qoyulmuş və bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib, pilləkən hissəsi mövcud relyefə uyğun oxşar daş materialından istifadə edilərək örtülüb, səkilər yenilənib, işıqlandırma təmin edilib və ərazi tam olaraq abadlaşdırılıb.

Məlumat üçün bildiririk ki, qeyd olunan pilləkən ərazisi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil”.