zeyneb

AzTV-nin Yeni il proqramı bu il də müzakirəsiz ötüşmür. Xüsusilə əsas qonaqlardan biri kimi yenidən Xalq artisti Zeynəb Xanlarovanın səhnəyə çıxacağı xəbəri fərqli mövqelərin yaranmasına səbəb olub. Bəziləri bunu illərin ənənəsi və sənətkara hörmət kimi dəyərləndirir, digərləri isə dəyişiklik və yenilik istəyir.

Globalinfo.az-a danışan media eksperti Qulu Məhərrəmli məsələyə münasibətinin birmənalı olduğunu bildirib.

“Zeynəb Xanlarovanı kimsə bəyənə də bilər və ya əksini də görə bilərik. Amma nəzərə almaq lazımdır ki, o, musiqimizin ən parlaq rəmzlərindən biridir. Digər tərəfdən, onun televiziya çıxışları və konsertləri həmişə alqışlarla qarşılanıb. İnsanlar və peşəkarlar onu sənətdə yenilikçi kimi tanıyırlar. Xanlarova musiqimizin inkişafında xüsusi mərhələ açmış bir sənətkardır. Buna görə də hesab edirəm ki, AzTV çox doğru addım atır və Zeynəb Xanlarovanı əsas ifaçılardan biri kimi təqdim edir. Bu, həm simvolikdir, həm ənənədir, həm də televiziya yaddaşıdır”.

qulu

Qulu Məhərrəmli

Ekspert qeyd edib ki, Zeynəb Xanlarova ilə yanaşı, proqramda digər sənətkarlar da olacaq: 

“Düşünürəm ki, ən yaxşı ifaçıların da çıxışları olacaq. Ümumiyyətlə, zövqlər və yanaşmalar müxtəlif ola bilər. Amma Zeynəb Xanlarova musiqi sənətimizin ən görkəmli simalarından, peşəkarlığın daşıyıcılarından biridir. Ona görə də onun Yeni il proqramında çıxışını tam normal qarşılayıram”.

Qeyd edək ki, Azərbaycan Dövlət Televiziyası (AzTV) Yeni İl proqramının çəkilişlərini yekunlaşdırıb. Bayram proqramında Azərbaycan və SSRİ-nin Xalq artisti, məşhur müğənni Zeynəb Xanlarova bu dəfə də əsas qonaq qismində çıxış edəcək.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: