IMG 3002

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın 2020-ci ildə Qarabağ müharibəsi zamanı Rusiyanın fəaliyyətsiz qalması ilə bağlı fikirlərinə sərt cavab verib.

Globalinfo.az xəbər verir ki, Zaxarova Simonyanın noyabrın 7-də səsləndirdiyi fikirlərə münasibət bildirərkən Rusiyanın 44 günlük müharibə zamanı atdığı addımları xatırladıb.

Zaxarova Ermənistan rəsmisinin “Mən rusların ayaqlarına düşərək deyirdim ki, biz sizin qardaşlarınızıq, müttəfiqlərinizik, bu müharibəni dayandırın. Həmin vaxt Rusiya heç bir təsirli addım atmadı, halbuki bizim oğlanlarımız Dağlıq Qarabağda həlak olurdular” fikirlərini sitat gətirib.

“Onun həmin vaxt kimin ayaqlarına düşdüyü bizə məlum deyil. Bəlkə də o, bunu indi də davam etdirir. Halbuki regionda qan tökülməsinə son qoyan məhz Rusiya olub”, – deyə Zaxarova bildirib.

Rusiya XİN sözçüsü xatırladıb ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla Qarabağ münaqişəsi zonasında atəşin tam dayandırılması və bütün hərbi əməliyyatlara son qoyulması elan edilib.

Onun sözlərinə görə, bu razılaşma nəticəsində regionda Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Zaxarova sülhməramlıların mülki əhalinin təhlükəsizliyinin təmin olunmasında, humanitar yardımın göstərilməsində və minatəmizləmə işlərində iştirak etdiyini vurğulayıb.

Zaxarova, həmçinin 2021–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmalara toxunub. O bildirib ki, həmin razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması, nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası və humanitar məsələlərin həllini nəzərdə tuturdu.

Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasını da xatırladıb.

“Rusiyanın effektiv addımlar atmamasından danışmaqla yanaşı, rusiyalı sülhməramlıların səylərini və fədakarlıqlarını kiçiltmək həqiqəti təhrif etmək deməkdir”, – deyə o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: