Şərurlu İsfəndiyar niyə təhsil almayıb? – Özü açıqladı

“Düzdür, mən orta məktəbdə təhsil almamışam, amma çox savadlı adamam. Hətta mənim kimi savadlı şəxslərin az olduğunu düşünürəm. Məktəbə getməsəm də, öz üzərimdə çox çalışmışam. Bu gün hüquqdan tutmuş digər sahələrə kimi çox yaxşı anlayışım var. Təhsil almamışamsa, bu o demək deyil ki, bir yerdə dayanmışam. Varlı olmaq təhsilə baxmır, kim istəsə imkanlı ola bilər. İmkanlı olmaq artıq insanın özündə olan fitri istedaddan asılıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib.

O, məktəbə getməmək səbəbini imkansızlıqla əlaqələndirib:

“Çox imkansız idik. Atamgili Ermənistandan sürgün ediblər, ondan sonra müharibəyə gedib. Qayıtdıqda isə 50 yaşı var idi. 50 yaşından sonra 8 övladı, yəni biz dünyaya gəlmişik. Böyük ailəni təkbaşına dolandıra bilməyib. Evsiz olmuşuq və bu səbəbdən də məktəbə gedə bilməmişik. 8 uşağın əksəriyyəti təhsil almayıb”.

İş adamı övladları və nəvələrinin təhsili haqda da danışıb:

“Övladlarım ali təhsillidirlər, nəvəmin biri ABŞ-da təhsilini bitirib Azərbaycana qayıtdı, digəri 3-4 ay sonra bitirib gələcək, daha kiçiklər də onlar kimi ABŞ-da ali təhsil alacaqlar. Hətta ABŞ-da orta məktəbdə təhsil alan nəvələrim də var. Dərsə getməməyin acısını çəkmişəm, ona görə də istəyirəm ki, gələcək nəsil ali təhsilli olsun”.

Qeyd edək ki, “Şərurlu İsfəndiyar” kimi tanınan iş İsfəndiyar Axundovun yazıb-oxuya bilməməsi ilə gündəmə gəlib.

Zaira Akifqızı
Globalinfo.az