Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov deyib ki, üzv ölkələrin dövlət başçıları noyabrın 11-də keçiriləcək sessiyada Ermənistanın təşkilata üzvlüyü məsələsini həll edə bilərlər. Beləliklə, bu ölkənin KTMT-dən kənarlaşdırılacağı bildirilir.
Ermənistanın KTMT-dən çıxarılması regionda siyasi və hərbi qüvvələr balansında hansı dəyişikliklərə səbəb ola bilər? Bu, Ermənistanın təhlükəsizlik siyasətində nə kimi dəyişikliklərə yol açacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli deyib ki, bu, Ermənistana qarşı şantaj ola bilər:
“Məsələ ondadır ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə onu seçim qarşısında qoydu. Kreml rəhbəri Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməli olduğunu dedi. Düzdür, biz KTMT-dən danışırıq, lakin məntiq eynidir.
Ermənistan KTMT-nin üzvü olsa da, varlığı ilə yoxluğu bilinmir. Yəni adı var, özü yoxdur. İndi Rusiya təzyiq göstərir və seçim edilməsini istəyir. Beləliklə, Ermənistanda əli-qolunun açılmasına çalışır. Məsələn, Ukrayna da seçim etməli oldu. Əvəzində müharibə başladı və hazırda işğal prosesi davam edir. Düşünürəm ki, Ukraynanın başına gələnlər Ermənistanın da başına gələ bilər.

Əhəd Məmmədli
Paşinyan maksimum çalışır ki, Rusiyaya kozır verməsin. Ermənistan KTMT-dən qovulduqdan sonra Moskva İrəvanla bağlı daha rahat hərəkətə keçə bilər. Lakin bunun nə dərəcədə asan və mümkün olacağını zaman göstərəcək. Onu da unutmayaq ki, Ermənistanda cəmiyyət iki yerə bölünüb. Heç də hər kəs Paşinyan kimi düşünmür. Rusiyada da bunu yaxşı bilirlər. Ona görə də hərəkətə keçməyə çalışmaları gözləniləndir.
Ermənistanda Rusiya hərbi bazası var, bu ölkənin sərhədlərini ruslar qoruyur. Erməni ordusunda hələ də Rusiyameyilli generallar var. Yəni Kremlin təzyiq rıçaqları hələ də mövcuddur və Rusiya müəyyən addımlar ata bilər”.
Turan Rzayev
Globalinfo.az