WhatsApp Image 2026 10 21 at 12.10.24

Norveçin Lonqyirbyen kəndində iqlim dəyişikliyi ciddi problemlərə səbəb olub. Burada sakinlərə kran suyu içməmək tövsiyə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Təxminən 2 600 nəfərin yaşadığı bu kənd Yer kürəsində temperaturun ən sürətlə yüksəldiyi ərazilərdən biridir. Burada istiləşmə qlobal orta göstəricidən 5–7 dəfə sürətlə gedir.

Alimlərin sözlərinə görə, buzların əriməsi süxurlardakı mineralların su mənbələrinə qarışmasına səbəb olur. Ərazidəki süxurlarda olan pirit mineralı su və oksigenlə təmasda olduqda turşuluq yaradır, bu isə manqan və digər ağır metalların suya keçməsinə şərait yaradır.

Sakinlərin təmiz suya çıxışını təmin etmək üçün müvəqqəti tədbirlər görülüb, supermarket yaxınlığında insanların qablarını doldura biləcəyi təmizlənmiş su çəni quraşdırılıb.

İqlim dəyişikliyinin təsirləri bununla məhdudlaşmır. Ərazidə buzlaqlar sürətlə əriyir, torpaq sürüşməsi riski artır, binaların tikintisi və mövcud infrastrukturun qorunması çətinləşir.

Mütəxəssislər Lonqyirbyendəki vəziyyətin digər Arktika yaşayış məntəqələri üçün də gözlənilən ola biləcəyini deyirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: