Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu üçün parlamentdə tələb olunan üçdəiki səs çoxluğunu təmin edə biləcəyinə əmin deyil. Bu səbəbdən növbədənkənar parlament seçkiləri keçirmək variantı onun üçün riskli addım hesab olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni polittexnoloq Vigen Akopyan deyib.
Akopyan bildirib ki, hazırda parlamentdə konstitusiya dəyişikliklərinin qəbulu üçün tələb olunan üçdəiki səs çoxluğu yoxdur. Bu vəziyyətdə hakimiyyətin iki yolu qalır: müxalifətdən çatışmayan altı səsi almaq və ya parlamentdə tələb olunan çoxluğu təmin etmək üçün növbədənkənar seçkilərə getmək.
Erməni ekspert müxalifət deputatlarının dəstəyini qazanmağın zəmanətli olmadığını vurğulayıb.
Akopyan əlavə edib ki, Paşinyan növbədənkənar seçkilərə yalnız onların nəticələrinin hakimiyyətin maraqlarına uyğunluğuna əmin olduqda getməyə qərar verə bilər. Seçkilərə hələ azı bir il qaldığını xatırladan ekspert bu müddət ərzində siyasi vəziyyətin əhəmiyyətli dərəcədə dəyişə biləcəyini də diqqətə çatdırıb.
Xatırladaq ki, oktyabrın 22-də keçirilən brifinqdə Nikol Paşinyan parlamentdə konstitusiya çoxluğu qazanmaq və yeni Konstitusiyanın qəbuluna nail olmaq məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etməyib.
Əliyar Xəlil
Globalinfo.az