İran elə bir böyük fəlakətlə toqquşub ki… 2023-cü il hər şeyin sonu ola bilər

2022-ci il bir sıra dünya dövlətləri üçün olduqca ağır siyasi-iqtisadi şərtlər altında bitdi. Bu dövlətlər arasında İran İslam Respublikasını xüsusilə qeyd etmək lazımdır. Heç əvvəlki illər də bu teokratik dövlət üçün uğurlu nəticələrlə yadda qalmamışdı. 2022 isə onun mövcudluğunun və möhkəmliliyinin sanki sınaq ili oldu. İran ölkə daxilində baş verən qarşıdurmaya və xaricdən edilən təzyiqlərə davam gətirərək ayaq üstə qala bildi, amma bu, sınaqdan üzüağ çıxa bilməsi anlamına gəlmir.

Ölkədə 100 gün bundan əvvəl 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində istintaq mərhələsində məruz qaldığı işgəncələr nəticəsində öldürülməsi ilə başlayan etiraz nümayişləri hələ də sakitləşmək bilmir. Daha doğrusu, rejimin bu nümayişləri sakitləşdirmək üçün istifadə etdiyi vasitələrdən heç biri əvvəlkilər qədər təsirli deyil. Teokratik rejimin 40 il ərzində insanların başına gətirdiyi qəddarlıq öz nəticəsini verməkdədir. Yeni nəsil artıq insan hüquqları, ictimai-siyasi azadlıqlar olmadan yaşamaq istəmir. Rüşvətxorluq, işsizlik, ədalətsizlik altında boyun əyib davam gətirmək mümkün deyil.

1979-cu ildən bu vaxta qədər keçən dövr ərzində İranda baş verən çoxlu sayda nümayişlər və qarşıdurmalar olmuşdu. Amma son iğtişaşlar kimi ciddi, dövlət üçün real təhlükə törədən birinə rast gəlmək mümkün deyil. Bu dəfə baş verən hadisələri İran üçün sonun başlanğıcı hesab edirlər. Çünki əvvəlki nümayişləri sakitləşdirmək üçün istifadə etdiyi vasitələr artıq fayda vermir. Hökumətin manevr imkanları sıfıra enib. İran cəmiyyəti bu gün mitinqlərlə münasibətdə iki yerə bölünür:

1.Günahsız insanlara divan tutmaq əvəzinə onların tələblərini dinləmək üçün dialoqa girmək təklifi irəli sürənlər

2. Nümayişçilərə divan tutmağı davam etdirməyi tələb edən qaniçən rejim tərəfdarları

Hökumət dairələri tərəfindən repressiv tədbirlər isə davam etdirilir. Artıq qarşıdurma zamanı hökumət qüvvələrinin atəş açması nəticəsində ölənlərin sayı 600-ə yaxınlaşır, bunlardan 70 nəfəri 18 yaşından aşağı yeniyetmələrdir, 18.500-dən artıq insan həbsxanalara atılıb, iki nəfər dar ağacından asılıb, 47 nəfər ölüm hökmü ilə cəzalndırılıb və icranı gözləyir.

Bu cür qəddarlıq rejimə qarşı həm daxildən, həm də xaricdən etirazları gücləndirib. İran dini təhsil sisteminin avanqardı olan Qum Seminariyasının Tədqiqatçılar və Müəllimlər Cəmiyyəti rejimin bu siyasətinə etiraz edərək bəyanat yayıb. Bəyanatda deyilir: “Dar ağacı sabitlik yaratmaq və qarşıdurmanı aradan qaldırmaq üçün uyğun bir vasitə deyil. Bu yalnız nifrəti və düşmənçiliyi daha da artırmağa səbəb olacaq”.

Rejimin hadisələrin səbəbkarının xaricdən olan qüvvələrə işarə etməsi də artıq nəticəsini vermir. Köhnə yalanlara qulaq asmaq belə istəməyən gənclər Tehran, Təbriz, Zahidanda öz fəaliyyətlərini davam etdirməkdə hələ də israrlıdır.

İran 2023-cü ilə təkcə ölkə boyu baş verən mitinq və nümayişlərlə daxil olmur. Ölkə iqtisadiyyatı da molla rejiminin mövcudluğu müddətində ən ağır günlərini yaşayır. Sanksiyalar, korrupsiya, iqtisadi qanunların işləməməsi və nümayişlər iqtisadiyyatı iflas həddinə yaxınlaşdırıb. Dekabr ayında İran rialının ABŞ dollarına nisbətən dəyəri yeni anti-rekorda imza ataraq 430.000 ətrafında olmuşdu. Amma bu rəqəm sentyabrda 320.000 idi.

Hökumətin sözçüsü Əli Bahaduri Cəhromi rialın düşməsinin “ölkədəki son aylar baş verən nümayişlər kimi” müvəqqəti olacağını bildirir. Amma ölkə rəsmisinin bu proqnozu da hadisələri düzgün qiymətləndirməməkdən, yaxud real vəziyyəti gizlətməkdən irəli gəlir. Bu da təbiidir. Əgər ölkə prezidenti qarşıdurmanın pik həddə çatdığı, iqtisadiyyatın iflasa yaxınlaşdığı bir şəraitdə ölkənin 2022-ci ildə əldə etdiyi “nailiyyətlərdən” söhbət açırsa, hökumətin üzvləri də ona dəstək verməyə məcburdurlar.

Bu hadisələr fonunda 2023-cü il üçün İranın gözləntiləri heç də ürəkaçan deyil. Ölkə daxilində mövcud olan qarşıdurma yenə də müxtəlif intensivlikdə davam edəcək. Çünki hakimiyyətin əlində repressiv metodlardan başqa vasitə qalmayıb. Bu metodlar isə insanları daha da hiddətləndirərək onları dövlətə qarşı kəskin mövqe tutmağa vadar edəcək.

Nümayişçilərə kompromisə gedib, baş örtüyünün məcburi olması maddəsinin konstitusiyadan çıxarılması kimi siyasi qərarın qəbul olunması molla rejiminin görmək istədiyi tədbirlər sırasına daxil deyil. Sanksiyalar şəraitində ölkə iqtisadiyyatının dirçəldilməsi və bununla əhalinin iqtisadi vəziyyətini yaxşılaşdırılması da perspektivdən çox uzaqdır. Çünki 2022-ci ildə İran Qərblə nüvə müqaviləsi sahəsində nəinki nailiyyət əldə edib, hətta mövcud olan yaxınlaşmalar da nümayişçilərə divan tutulması və Rusiya ilə hərbi sahədə əməkdaşlıq etməsi səbəbindən əldən verilib. 2022-ci il beynəlxalq sahədə də İran üçün olduqca çətin şəraitdə davam edib. İran həm Beynəlxalq Atom Enerjisi Agentliyi, həm də P5+1 qrupu ilə danışıqlarda uğursuz nəticələrlə üzləşib. İş o yerə çatıb ki, ABŞ Prezidenti Co Bayden İranla müqaviləni “ölmüş, lakin ölüm xəbəri elan olunmamış” hesab edib.

Bu qədər təhdidlər altında İranın 2023-cü ildən salamat çıxa biləcəyi olduqca şübhəli görünür. Ölkədə baş verən qarşıdurma, sanksiyaların mövcudluğu və daha da genişləndirilməsi nəticəsində iqtisadiyyatın kəskin şəkildə aşağı düşməsi, işsizlik və korrupsiyanın artması, beynəlxalq aləmdən təcrid olunma şəraitində İranın ayaq üstə qalması və 2024-cü ilə qədəm qoyacağı möcüzə hesab oluna bilər. Amma tarix bir ölkəni davamlı olaraq möcüzə ilə mükafatlandırmır. İranın möcüzə limiti 2022-də artıq bitib.

Bütün bunlarla yanaşı, ali dini liderin səhhətindəki mövcud durumu da unutmaq lazım deyil. Ölkədə baş verən hadisələrin onun sağlamlığında baş verən dəyişikliklərdən ciddi təsirlənəcəyi şübhəsizdir. Xamenei ölkəsinə və şəxsən özünə olan bu qədər təzyiqlərə davam gətirə biləcəkmi? Bunu da möcüzənin ixtiyarına buraxaq.

Politoloq Əlimusa İbrahimov
Xüsusi olaraq Globalinfo.az üçün