Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan demarkasiya prosesi ilə bağlı hər şeyin xalqa açıq olduğunu deyib. O, iki ölkənin demarkasiya komissiyaları arasında imzalanmış 18 aprel tarixli protokol və əsasnamədə heç bir ziddiyyətin olmadığını bildirib.
Qriqoryanın sözlərinə görə, prosesin növbəti mərhələsi ilə bağlı yenilik yoxdur, İrəvan tənzimlənmə üçün ölkədaxili prosedurları tamamlamalıdır.
Sərhədlərin müəyyənləşməsi ilə bağlı vəziyyət nə yerdədir?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Ermənistan Konstitusiya Məhkəməsi də delimitasiya və demarkasiya prosesi ilə bağlı heç bir problemin olmadığını açıqladı:
“Görünür, Qriqoryanı belə açıq danışmağa vadar edən də bu bəyanatdır. Proses davam edir və edəcək. Lakin Ermənistanda məsələ ilə bağlı fərqli fikirlər də səslənir. Yəni prosesin İrəvan üçün riskli olduğunu düşünənlər az deyil. Amma ümumilikdə demarkasiyanın davam etdirilməsi ilə bağlı xüsusi bir problem yoxdur.
Bütün etiraz və ya maneə cəhdlərinə baxmayaraq, sərhədlərin müəyyənləşməsi gec-tez yekunlaşacaq. Son zamanlar məsələ ilə bağlı informasiya az olsa da, bu, prosesin dayandığı mənasına gəlmir. Hər halda rəsmi məlumat paylaşılacaq”.
Turan Rzayev
Globalinfo.az