Makronun planı Parisi qarışdırdı – “Rusiya ilə nüvə toqquşmasına hazırlıq gedir”

Fransanın Vətənpərvərlər Partiyasının sədri Florian Filippo X hesabında bildirib ki, Fransa prezidenti Emmanuel Makron ölkəni Rusiya ilə nüvə müharibəsinə təhrik edir.

“Fransa özünün nüvə silahlarını Avropa İttifaqının sərəncamına verməklə məsuliyyət daşıyır” deyən Makron İsveçdə bunu bəyan etməyə özündə cəsarət tapdı! Bu, xəyanətdir! Makronun sözləri ölkənin hərbi doktrinasına ziddir”- F. Filippo deyib.

Qərbin Rusiya ilə birbaşa qarşıdurmaya girəcəyinə dair xəbərlərin geniş şəkildə tirajlandığı bir zamanda bu açıqlama diqqət çəkir.

Fransa özünün nüvə silahlarını Avropa Birliyinin sərəncamına verəcək? Bu addım Rusiya ilə nüvə müharibəsinə səbəb ola bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, hazırda Fransanın dövlətçiliyi ilə bağlı ciddi problemlər var:

Əli Zülfüqarlı

“İndiki hökumət Fransa dövlətinin deyil, qlobal maliyyə sisteminin əmrlərini icra edir. Makron kimi zəif siyasətçi də əmrləri icra etmək üçün Fransanın başına gətirilib. Bu baxımdan siyasi qərarların Fransada verilməsi təsadüfi deyil.

Fransada verilən qərarlar bütövlükdə Avropa İttifaqının siyasi oriyentasiyasının müəyyənləşməsində rol oynayır. Ona görə də, Fransanın nüvə ehtiyatlarının Avropa İttifaqının istifadəsinə verilməsi kimi anormal plan ola bilər. Amma bu o demək deyil ki, bu plan mütləq reallaşacaq.

Çünki Fransada Makrona qarşı xalqın ciddi şəkildə aqressiyası var. Bu addımın atılması cəmiyyətin etiraz dalğasını daha da körükləyə bilər. Xalqın sarı jiletlilər hərəkatındakı şüarlarından biri məhz Makronun qlobal oliqarxiyaya nökərçilik etməsi, Fransa dövlətinin və xalqının maraqlarını satması ilə bağlı idi.

Hesab edirəm, bu qərarın verilməsi Makron hakimiyyətinin sonunu gətirə bilər. Bu, sıradan bir məsələ deyil və reallaşacağı ehtimalı demək olar ki, yoxdur”.

Turan Rzayev
Globalinfo.az