İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölgədə davam edən gərginlik fonunda güc nümayiş etdirdiyi müşahidə olunub. Kameralara düşən görüntülərdə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə məxsus 30-dan çox sürətli hücum katerinin Hörmüz boğazı yaxınlığında manevrlər etdiyi əks olunub. Məlumata görə, bu manevr qrupuna pulemyotlar və raket sistemləri ilə təchiz edilən 30-dan artıq sürətli kater daxildir.
Globalinfo.az-ın xəbərinə görə, ekspertlər bu addımı ABŞ-ın davam edən dəniz təzyiqinə cavab olaraq növbəti güc nümayişi kimi qiymətləndirirlər.
ABŞ rəsmiləri İranın hələ də ciddi hərbi potensiala malik olduğunu bildirirlər və bu gücün rəsmi açıqlamalardan daha böyük ola biləcəyini vurğulayırlar.
Məlumatda qeyd olunur ki, İranın ballistik raketlərinin və buraxılış sistemlərinin təxminən 50 faizi hələ də sıradan çıxarılmayıb. SEPAH-ın dəniz qüvvələrinin, xüsusilə kiçik hücum katerlərinin təxminən 60 faizi fəaliyyətini davam etdirir və gəmiçilik üçün maneələr yaradır. İran Hərbi Hava Qüvvələrinin təxminən üçdəikisi kütləvi zərbələrə baxmayaraq hələ də işlək vəziyyətdədir.
ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset əməliyyatın qəti qələbə ilə başa çatdığını və İrana ciddi zərbə vurulduğunu bəyan etsə də, kəşfiyyat məlumatları göstərir ki, Tehran hələ də raket və pilotsuz uçuş aparatları buraxmaq, həmçinin region ölkələrinə qarşı hücumlar həyata keçirmək imkanına malikdir.
Əliyar Xəlil