Penah huseyn 1231

Globalinfo.az Azərbaycanın sabiq baş naziri Pənah Hüseynlə müsahibənin ikinci – sonuncu hissəsini təqdim edir.

Birinci hissə burada: “Hazırda dərin siyasətlə məşğulam, mən dərin müxalifətəm” – Pənah Hüseynlə tarixi MÜSAHİBƏ

“Bir millət, bir dövlət” formuluna keçilməlidir”

– Hazırda TürkiyəAzərbaycan münasibətləri özünün ən yaxşı dövrünü yaşayır. Düzdür, arada bu ittifaqı zədələməyə çalışan cəhdlər olur. Türkiyədə müəyyən qüvvələr mediada və sosial şəbəkələrdə Azərbaycan dövlətini hədəfə gətirən təxribatlara yol verir, əsassız yerə Azərbaycanı tənqid edirlər. Bunları epizod kimi dəyərləndirsək, üzərindən keçmək olar. Amma Ankara-Bakı müttəfiqliyinin paralelində bir başqa ittifaq da var – Türk Dövlətləri Təşkilatı. Rəsmi Bakı TDT-nin güclənməsində, daha da böyüməsində, siyasi, iqtisadi və hərbi cəhətdən konsolidasiyanın baş verməsində maraqlı görünür. Sizin müşahidələriniz hansı yöndədir?

– Faktdır ki, TDT Naxçıvan Bəyannaməsi ilə yarandı. Bu təşkilat hazırda qlobal səviyyədə yeni dünya düzəni yaradan ən mühüm hadisələrdəndir. Faktiki olaraq yeni dünya düzəni bu proses ətrafında yaranır.

Mənim də mənsub olduğum milli-siyasi çevrə bu prosesə, prinsip etibarilə, Əbülfəz Elçibəyin hələ ötən əsrin 70-ci illərində qoyduğu Azərbaycan mərkəzli Turan ideyasının   gerçəkləşməsi kimi baxırıq və bu istiqamətdə mövcud Azərbaycan iqtidarı və onun liderinin apardığı fəaliyyəti müdafiə edirik, dəstəkləyirik. Türkiyə və Azərbaycan arasındakı münasibətlər dediyimiz prosesin özəyidir. Bu münasibətlər olmadan TDT-nin alınması mümkün deyil. Bu prosesin nüvəsində Azərbaycan ideyası durur. Azərbaycan ideyası bizim də olduğumuz siyasi coğrafiyada min illər ərzində davam edən Qərb-Şərq qarşıdurmalarını, o cümlədən müsəlman və türk xalqları arasında mövcud olan ziddiyyətləri aradan qaldıra biləcək ideyadır. Bu gün Azərbaycan ideyası Türkiyə elitası   tərəfindən də qəbul edilir. Bu, Azərbaycan üçün ciddi nailiyyətdir. Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün hazırda çalışan qüvvələr var. Bizim daxilimizdə Rusiyanın “beşinci kalon”u, digər böyük güclərin təsir qüvvələri buna çalışır. Cənub qonşumuz İran da narahat olan ölkələr arasındadır. Bu qüvvələri heç bir halda nəzərdən qaçırmaq, onlara yedək olmaq olmaz.

Mən strateji olaraq Türkiyə və Azərbaycan respublikalarının beynəlxalq hüququn subyektləri olan müstəqil dövlətlər kimi qalaraq “bir millət, iki dövlət” formasından “bir millət, bir dövlət” formuluna keçməyin tərəfdarlarındanam.

7f487a4a bee3 4649 bf3f 18289585d8a5

– Son vaxtlar Azərbaycanın qonşularında baş verənlər fonunda ölkəmiz üçün hansısa təhlükə mövcuddurmu?

Azərbaycan ətrafında təhdidlər artmaqda davam edir. Bunu Prezident İlham Əliyev də dəfələrlə vurğulayır ki, biz şimalında və cənubunda müharibə gedən bir ölkəyik. Bu müharibələr lokal xarakterli deyil. İran ABŞ və İsraillə, Rusiya da Ukrayna ilə, faktiki olaraq, kollektiv Qərblə müharibə aparır. Bu vəziyyətin bizi də əhatə etməsi təhdidi qalır. Bu vəziyyəti nəzərə almadan təhlükəsizliyimizi qoruyub saxlaya bilmərik. Bu vəziyyətdə hansı tərəfi seçmək sualı da yanlışdır. Biz öz tərəfimizi seçmişik. Bizim öz maraqlarımız var. Biz deyərkən Türkiyə də nəzərdə tutulur və Azərbaycan üçün Türkiyə seçim predmeti deyildir və olmamalıdır.

Azərbaycan 2020-ci ildən qalmış yarımçıq işi sona çatdırmalıdır”

Rusiya ilə Ermənistanın münasibətləri dəyişir, Azərbaycanla Ermənistan arasında da yeni münasibətlər formalaşır. Bu proses Cənubi Qafqazda Rusiyanın rolunu necə dəyişə bilər?

Rusiya Cənubi Qafqazda əməliyyatlara hazırlaşır. Bu əməliyyat faktiki olaraq başlayıb. Ermənistanla indiki münasibətlər də bu əməliyyatların tərkib hissəsidir. Ən yaxın aylarda, yüksək ehtimalla, bu proses yeni mərhələyə daxil olacaq. Mənim münasibətim ondan ibarətdir ki, indiki şəraitdə Rusiya Federasiyası tərkibində Ermənistandansa müstəqil Ermənistan bizim maraqlarımıza daha uyğundur.

Ermənistanın müstəqilliyini istəyən erməni qüvvələrinin yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələr sisteminə inteqrə olunmaqdan ibarətdir. Azərbaycan və Türkiyə ilə inteqrasiya olunmadan Rusiya təzyiqinə dayanmaq Ermənistan üçün mümkün olmayacaq.

Kritik vəziyyət yaranarsa, Azərbaycan 2020-ci ildən qalmış yarımçıq işi sona çatdırmalıdır. Zəngəzur dəhlizi üzərində öz suverenliyini bərpa etməlidir.

b7cb5e76 435d 4fb6 9f4c ae5c29403ebe

– Sentyabrın 21-də Ramiz Mehdiyevin məhkəməsi başladı. O, sizin xələfiniz sayılır. Siz Elçibəy hakimiyyəti dövründə dövlət katibi olmusunuz – indiki adı ilə Prezident Administrasiyasının rəhbəri. Üstəlik, uzun illər Ramiz Mehdiyev müxalifətlə ciddi siyasi-ideoloji mübarizə aparıb. Müxalifəti sıxışdırmaq, siyasi səhnədə boy göstərməsinin qarşısını almaq, seçkili orqanlarda iştirakına əngəl törətmək daha çox onun adı ilə bağlanır. Onun məhkəməsində iştirak etmək fikriniz varmı? Bu tarixi məhkəməni izləmək hər halda maraqlı olardı.

Azərbaycan media subyektlərindən alacağım, eşidəcəyim və oxuyacağım məlumatlarla izləyəcəm. Konkret olaraq bu məhkəmədə iştirak etmək fikrim yoxdur. Eyni zamanda Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamların ciddiliyi və ictimai əhəmiyyəti tələb edir ki, proses şəffaf olsun bu məsələyə tam aydınlıq gətirilsin. Odur ki, məhkəmə hamı üçün, xüsusən media üçün açıq olmalıdır.

– Onun bu aqibətinə sevinirsiniz, yoxsa kədərlənirsiniz?

– İbrətamiz hadisə kimi baxıram.

– Siz vaxtilə müxalifət düşərgəsində yaxınlaşma, məsləhətləşmə, eləcə də bu və ya digər adlarla təşkilatlar yaratmaq məsələsində aktiv olmusunuz. Məsələn, vaxtilə müxalifətin ən güclü təşkilatlarından olan SİDSUH-un (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat) sizin təklifinizlə yaradıldığı deyilir. Eləcə də 2010-cu il parlament seçkilərindən sonra İctimai Palatanın yaradılmasında yaxından iştirak etdiyiniz bildirilir. Hazırda belə cəhdlər müşahidə edilmir. Ehtiyac yoxdur, yoxsa partiyalar buna həvəs göstərmir?

WhatsApp Image 2026 09 24 at 12.26.13

– Təcrübə göstərir müxalifət birlikdə olduqda güclü olub. Əks arqument də ondan ibarətdir ki, birlikdə çox olmuşuq, amma real, siyasi hakimiyyətə gəlmək baxımından nəticə olmayıb. İstənilən halda müxalifət bir yerdə olanda, deməli, güclü olanda, ictimai rəyə, proseslərə, iqtidara təsir imkanları da böyük olur və hakimiyyətə gəlməyə də şansı çox olur. İndi də müxalifətin mümkün formalarda bir araya gəlməsinin alternativi yoxdur. Müxalifət nümayəndələri bunu etməsə də, yeni, üçüncü nəsil bunu edəcək. Mən yuxarıda “dərin siyasət” və onun tərkibində “dərin müxalifət” ifadələri işlətdim. Əslində normal olaraq  dövlət, siyasət, müxalifət, bənzəri fəaliyyətlər açıq və qanunlara uyğun olan fəaliyyət olmalıdır. Biz bu vəziyyət üçün çalışırıq.

Bu  gün mən müxalifətin birləşməsindən daha çox Azərbaycan milli qüvvələrinin birliyinin tərəfdarıyam. Yəni istər daxildə, istər xaricdə müxalifət, istərsə də iqtidar olsun, Azərbaycan milli qüvvələrinin birliyi prioritetdir. Bu, həmişə aktual məsələ kimi qalmaqda davam edəcək.

– Bir neçə gün öncə karantin müddəti yenidən uzadıldı. Bir çox ölkələrdə artıq bu məsələ çoxdan bitib. Bizim üçün nə zaman bitəcək? Bu, özlüyündə bir sıra problemlər də yaradır, müxtəlif sahələrdə vəziyyəti çətinləşdirir. Sizcə, bunun arxasında duran əsas səbəb nədir?

WhatsApp Image 2026 09 22 at 15.07.41 18

– Sanki cəmiyyətin əsəbləri ilə oynamaq, qıcıqlandırmaq  xarakterli addımlar atılır. Onlardan biri də karantin müddətinin uzadılmasıdır. Heç olmasa ümumi, ağlabatan səbəblər göstərilsə, belə qıcıq yaratmaz. Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın bitməsi ilə bağlı mövqeyi varsa, bu qərarın  konkret səbəb göstərilməlidir. İnsanlara bu dərəcədə saymazyana yanaşmaq, ictimai rəyə və heysiyyətə saymazyana münasibət göstərmək çox ciddi problemlərdən biridir. Bunu nəzərə almırlar. Yetərli, sistemxarakterli hazırlıq görülmədən lapdan metro məsələsi də elə. Metro xətləri istiqamətində yenidənqurma işlərinin aparılması başadüşüləndir. Lakin bunun optimal yolları tapılmalı idi. Quru sərhədlərinin bağlanması məsələsi də bu qəbildəndir. Giləmeyvələr, yeraltı sulardan istifadə ilə bağlı qərarlar da diqqət çəkir. Yeraltı sulardan istifadənin tənzimlənməsi normal haldır. Amma bunun təqdimatı belə oldu ki, istənilən adam həyətində 3-4 metrlik quyu qazıb yerdən su çıxaracaq və sair. Adam koldan böyürtkən dərib yeyə bilməyəcəksə, həyətindəki qrunt suyunu istifadə edə bilməyəcəksə, çayda çimə bilməyəcəksə, niyə kənddə yaşasın?

Təəssürat budur ki, adamların heysiyyatı ilə oynamaqdan çəkinilmir. Vərdiş edəcəklər, dözəcəklər deyə düşünürlər.

– Son olaraq, hazırda pensiya mövzusu çox müzakirə edilir. Bu məbləğin az olduğu, dolanışığa çatmadığı deyilir. Siz artıq dörd ildir ki, pensiya alırsınız. Bu pensiya ilə dolanmanız mümkündürmü?

– Deputatlar kifayət qədər yüksək pensiya alırlar. Xüsusən Azərbaycan miqyası üçün. Bu baxımdan mənim öz pensiyamdan şikayətlənməyim, “qane etmir” deməyim doğru olmaz. Ümumiyyətlə isə Azərbaycanda bir çox insan pensiya da almır. Yaşa görə müavinət alır – 220 manat. Və bunların sayı azalmır. 44 il müəllim işləmiş, SSRİ dövründə “SSRİ xalq müəllimi” rütbəsini almış, ən yüksək səviyyəli müəllimlərdən hesab olunan sinif yoldaşım 400 manat pensiya alır. Kölgə iqtisadiyyatının ləğvi, müqaviləsiz əmək məsələlərində bir xeyli irəliləyişlər var. Müqaviləsiz iş pensiyasız qalmaq deməkdir. Lakin bu kifayət deyil. Xüsusən aşağı pensiya, müavinət alan şəxslərə ödənişləri artırmaq, bunun üçün mənbələr tapmaqla yanaşı əsas istiqamətlərdən biri kimi, həmin kateqoriyadan olan şəxslərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün sosial imtiyazlar sistemi hazırlanmalı və həyata keçirilməlidir.

Safura Bənnayeva (müxbir)
İntiqam Əhmədov (fotolar)
Globalinfo.az

Paylaş: