Salyan yolundakı qəzada xəsarət alan azyaşlı vəfat etdi – YENİLƏNDİ

Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində 2020-ci il təvəllüdlü azyaşlı Bayxan Bağırov da qaldırıldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

“Hələ yolun, avtomobilin və ölümün nə olduğunu bilməyən 3 yaşında bir uşaq kimlərinsə qaydalara biganə yanaşması və məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişdi.

Təəssüf ki, bütün bu hadisələr yenə də kimlər üçünsə dərs olmur”, – deyə qeyd edilib.

Zaira Akifqızı 

Globalinfo.az 

***

TƏBİB Bakı-Salyan yolunda baş verən qəzada xəsarət alan şəxslərin vəziyyəti barədə məlumat yayıb.

TƏBİB-dən Globalinfo.az-a verilən xəbərə görə, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı-Salyan yolunda “KamAZ” markalı maşının “Hyundai Accent” markalı avtomobilə çırpılması nəticəsində üç nəfər sərnişin həlak olub, 3 nəfər isə xəsarət alıb.