Saakaşvilinin son halı – Şok görüntülər – FOTO / VİDEO

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin yeni görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, aprel ayına aid olan klinikada çəkilmiş videogörüntüləri Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yayıb. Bəzi kadrlarda keçmiş prezidentin özünü həddindən artıq əsəbi apardığı müşahidə edilir. Qurumdan bildirilir ki, Saakaşvili simulyasiya ilə məşğul olur və ictimaiyyəti çaşdırır. Kadrlarda keçmiş dövlət başçısının xeyli arıqladığı da görünür.

Qeyd edək ki, Saakaşvilinin səhhətində ciddi problemlərin olduğu vurğulanır. Onun orqanizmində ağır metallar, o cümlədən civə izləri aşkar edilib.

Siyasətçi çərşənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ona səhhətində yaranan problemlərə görə azadlığa buraxılması ilə bağlı Tbilisi şəhər məhkəməsinin iclasında videobağlantı vasitəsilə iştirak etmək imkanı vermədiyi üçün aclıq aksiyasına başlayıb. Lakin Avropa Parlamenti üzvlərinin çağırışına cavab olaraq bir neçə saat sonra aksiyasını dayandırıb.

Xatırladaq ki, M. Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. Gürcüstanın sabiq Prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş isə məhkəmə icraatındadır.

 

 

 

Gülnar,

Globalinfo.az