1793868712 untitled 1

Dünyanın 33 ölkəsinin hökuməti, o cümlədən ABŞ və Avropa İttifaqının üzvü olan dövlətlər vətəndaşlarına fövqəladə hallar üçün zəruri ehtiyatlar toplamağı tövsiyə edib. Çağırışda evdə nağd pul, konservləşdirilmiş qida, batareya və fənər saxlamağın vacibliyi vurğulanıb.

Globalinfo.az-ın məlumatına görə, hökumətlərin eyni vaxtda belə xəbərdarlıqlar etməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə mağazalarda ehtiyatların azalması və zəruri ləvazimatlara tələbatın artması diqqət çəkib.

Məlumata görə, XXI əsrin ilk rübündə baş verən geosiyasi dəyişikliklər, pandemiyalar və ekoloji fəlakətlər dövlətləri mümkün fövqəladə vəziyyətlərə daha ciddi hazırlaşmağa vadar edib. Pandemiyanın yaratdığı böhrandan sonra təhlükəsizlik narahatlıqları daha da güclənib.

ABŞ və Avropanın 17 ölkəsi də daxil olmaqla, 33 dövlətin vətəndaşlara mülki müdafiə qaydaları ilə bağlı ardıcıl xəbərdarlıqlar etməsinin arxasında bir neçə qlobal riskin dayandığı bildirilir.

Bunlara Rusiya ilə Ukrayna arasında gərginliyin artması, Yaxın Şərqdə münaqişələrin dərinləşməsi, iqlim dəyişiklikləri nəticəsində baş verə biləcək fəlakətlər və enerji infrastrukturuna qarşı hibrid hücumlar daxildir.

Nəşrin yazdığına görə, təhlükəsizlik və böhranların idarə olunması üzrə mütəxəssislər bu çağırışların ayrı-ayrı ölkələrin deyil, qlobal miqyasda artan təhlükəsizlik narahatlıqlarının göstəricisi olduğunu bildirirlər.

Hökumətlərin əsas tövsiyəsi isə fövqəladə vəziyyət zamanı bir müddət müstəqil şəkildə yaşamağa imkan verəcək ərzaq, su, işıqlandırma vasitələri və digər zəruri ləvazimatların əvvəlcədən hazırlanmasıdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: