“Qanunvericiliyimizə görə, rüşvətxorluq, korrupsiya cinayətləri bir neçə formada olur. Burada aktiv və passiv rüşvətxorluqdan söhbət gedir. Aktiv rüşvətxorluq rüşvət verən tərəfin məsuliyyət daşıması, passiv rüşvətxorluq isə rüşvəti alanın məsuliyyət daşıması ilə bağlıdır”.
Bu sözləri Globalinfo.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov rüşvət və korrupsiya barədə məlumat verən şəxslərin mükafatlandırılması layihəsi barədə danışarkən deyib.
O bildirib ki, rüşvət cinayətində hər iki tərəfin hərəkətləri nəzərə alınır:
“Amma təbii ki, bəzi hallarda əməliyyatlar çərçivəsində rüşvət alan şəxsin saxlanılması məqsədilə rüşvət vermə səhnəsi də təşkil oluna bilər. Bu halda rüşvət verən şəxs sadəcə əməliyyatda iştirak edən şəxs kimi prosesdə olur. Bir sözlə, dövlət həm cəza, həm də qanunvericilik baxımından müəyyən stimullaşdırıcı tədbirlərlə insanları rüşvət almaq istəyən məmurlara rüşvət verməkdən çəkindirməyə çalışır. Çünki burada cəmiyyətin də rolu böyükdür. Rüşvət verən tərəf – vətəndaş və ya digər şəxslər də bu prosesdən çəkinməlidirlər ki, cinayətlər ən azından baş tutmasın. İndi isə insanları, cəmiyyəti stimullaşdırmaq üçün rüşvət və korrupsiya halları ilə bağlı müvafiq qurumlara məlumatların çatdırılması məsələsi gündəmə gəlib”.
Xəyal Bəşirov
X.Bəşirovun fikrincə, qanunun qəbul edilməsi əslində bu məsələnin cəmiyyət və dövlət üçün nə dərəcədə əhəmiyyətli olmasından xəbər verir:
“Bu halda insanlar rüşvət və korrupsiya halları ilə qarşılaşırlarsa, istər özləri, istərsə də şahidi olduqları hər hansı hal barədə məlumat vermələri üçün imkanlar sadələşdirilməlidir. Məlumat ilkin olaraq qaynar xətt vasitəsilə və ya elektron vasitələrdən istifadə etməklə təqdim edilə bilər. Çünki burada operativliyin təmin edilməsi məsələsi də gündəmdədir. Rüşvətin verilməsi halı baş verirsə və ya baş vermək üzrədirsə, burada operativlik təmin olunmasa, sonradan gec ola bilər və həmin cinayətin sübut edilməsi də bəzi hallarda çətinləşər. Ona görə də operativliyin təmin edilməsi üçün ilk olaraq qaynar xətt və ya elektron vasitələrlə dərhal məlumat verilməsi imkanı təmin edilməlidir. Bununla dövlət qurumları bilməlidir ki, həqiqətən də belə bir hal mövcuddur. Sonradan rüşvət və ya korrupsiya barədə məlumat verən şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsi elektron qaydada və ya qaynar xətt vasitəsilə həyata keçirilə bilər”.
Hüquqşünas bildirib ki, burada həmin şəxslərin təhlükəsizliyinin və konfidensiallığının qorunması, anonimliyinin təmin edilməsi məqsədilə də addımlar atılmalıdır:
“Bu təmas dövlətin müvafiq qurumları ilə, istər qaynar xətt, istərsə də elektron vasitələr üzərindən həyata keçirilir. Şəxslərlə müvafiq qurumlar arasında ünsiyyət zamanı həmin qurumlar və ya məlumatı verən şəxsin özü məlumatı kənara çıxarmadığı halda, onun anonimliyinin qorunması o qədər də çətin olmayacaq. Təbii ki, bütün bu detallar yeni qanunvericiliklə daha dəqiq təsbit olunacaq və qeyd ediləcək. Amma hər halda ilkin olaraq, dünya və digər dövlətlərin təcrübəsini nəzərə aldıqda, prosesin bu şəkildə reallaşacağı ehtimal olunur”.
Zaira Akifqızı
Globalinfo.az