Ruslar Qarabağa helikopterlərlə nə daşıyır? – Gizlinlər üzə çıxsa…

Rusiya sülhməramlıları helikopterlə Xankəndidəki ermənilərə zəruri qida məhsulu və tibb avadanlığı daşıyır. Amma rusların, ehtiyacların qarşılanması adı altında silah-sursat daşıya biləcəyi ehtimalı da müzakirə olunur.

Bu günə kimi məhz Rusiya sülhməralıların müşayiəti ilə müxtəlif quru yollarından Qarabağdakı separatçılara silah-sursatın daşınmasını əks etdirən görüntülər yayılırdı.

Bəs helikopterlərlə dərman və qida ilə yanaşı Qarabağdakı terrorçular üçün silah daşınması nə dərəcədə mümkündür? Bu ehtimal Azərbaycan tərəfindən nəzərə alınıbmı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan bölgədəki bütün hərəkətlərə nəzarəti daha da gücləndirir:

“44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan çox çalışdı ki, Qarabağda yaşayan ermənilər silahı yerə qoysunlar. Separatçılar ümumiyyətlə ərazidən çıxarılsın, sakinlər dinc həyat yaşamağa başlasınlar. Bölgədəki qanunsuz silahlı birləşmələr Vətən müharibəsinə kimi özlərini qalib hesab etsələr də, müharibədən sonra gizlənməyə yer axtarırdılar. Amma Rusiyanın sülhməramlı kontingenti əraziyə müvəqqəti yerləşdirildikdən sonra onlar yavaş-yavaş dirçəlməyə başladılar.

Lakin burada Azərbaycan tərəfi üçün çox müsbət bir dinamika var. Müharibədən sonra bölgədə nəzarət mexanizmimizi durmadan gücləndiririk. Əgər Ermənistan 2021-ci ildən etibarən dolayı yollarla əraziyə qanunsuz silahlar çatdırmağa çalışırdısa, Azərbaycan bu kimi qeyri-qanuni hərəkətlərin qarşısının alınması üçün bütün lazımı tədbirləri görürdü. Biz “Fərrux əməliyyatı”nı keçirdik, biz neçə yüksəkliyi nəzarət altına aldıq. Bu yaxınlarda isə Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsini qurduq. Ermənistanın nə dediyinə baxmayaraq sərhədlərimizdə nəzarəti gücləndirmək bizim haqqımızdır”.

Politoloq sülhməramlıların helikopter vasitəsilə separatçılara silah daşıması ehtimalını dəyərləndirib:

“Rusiya sülhməramlılarının Qarabağa helikopterlər vasitəsilə qanunsuz silah, sursat daşıması mümkün ola bilər, istisna etmirəm. Amma burada bir məsələ var. Bakı bütün diqqətini Qarabağda cəmləyib və baş verənləri dəqiqliklə izləyir. Bizim elektron sistemlər, kameralar kimi müxtəlif nəzarət vasitələrimiz mövcuddur. Hətta peyk vasitəsilə ərazidə baş verənləri izləyirik. Bütün bunlar bizə tam zəmanət verir.
Separatçılar hər nə qədər arxayın davranmağa çalışsalar da, anlayırlar ki, hər tərəfdən güclü nəzarət altına alınıblar və bu halqa getdikcə daralır. Rusiyanın bölgəyə silah daşıması sadəcə müəyyən bir boşluğun nəticəsidir. Zamanla biz bunu aradan qaldıracağıq. Azərbaycan Prezidentinin Ermənistanın hərəkətləri və separatçıların Qarabağdakı fəaliyyəti ilə bağlı birmənalı barışmaz mövqeyi məni sevindirir. Onun da dediyi kimi, hər şeyin vaxtı var, bütün proseslər məntiqi sonluqla başa çatacaq. Prezident son çıxışında da vurğuladı ki, separatçılar bölgədən tamamilə təmizlənəcəklər. Qarabağın erməni sakinləri isə istəsələr qalıb dinc şəkildə bizim qanunlarımıza uyğun yaşaya, yaxud çıxıb gedə bilərlər”.

“Ermənistan tərəfi istəyir ki, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təminatı üçün hər hansı beynəlxalq mexanizm yaradılsın. Bu çox böyük bir səhvdir. Azərbaycan öz daxili məsələsini heç bir xarici qüvvə ilə müzakirə etməyəcək. Ərazidəki ermənilərlə Azərbaycan hakimiyyəti arasındakı təmaslar isə siyasi deyil, sosial məzmun daşıyır. Qazın, işığın təminatı, yolların bərpası, sosial zəmində yardımların edilməsi, dərman ləvazimatlarının təchizatı və s. kimi məsələlərdir ki, onlar da öz həllini tapacaq” -deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az