Rus ordusu bu iki şəhəri tutur, savaş bitir – Yeni ssenari

Almaniyanın “Bild” nəşri yazır ki, Rusiya-Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər və Kreml Xarkovla Dnepropetrovskı tutmaq niyyətindədir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, bu cür proqnozlar müharibənin ilk illərindən bəri vaxtaşırı verilir:

“Odessa, Xarkov, Dnepropetrovsk, bir sözlə, Ukraynanın şərq vilayətlərinin Rusiya tərəfində işğal edilməsi gözlənilirdi. Ruslar özləri də bu planını gizlətmirlər. Hətta son günlər döyüşlərin istiqamətinin adıçəkilən bölgələrə yönəlməsi Kremlin planının icrasına başladığını göstərir.

Əhəd Məmmədli

Amma bu da bir reallıqdır ki, Rusiya prosesi arzu etdiyi səviyyədə apara bilmir. Yəni Ukraynanın yeni müdafiə xəttini yarmaq o qədər də asan deyil. Əslində, Rusiyanın daha böyük qüvvə ilə hücuma keçməsi ehtimalı var, çünki Qərbin Ukraynaya dəstəyi günbəgün azalır. Bu isə Moskvanı cəsarətləndirir. Qərb yardımları dayandırsa, Kiyevin müqaviməti azalacaq.

Rusiya tərəfi bildirir ki, onlar müharibənin yaratdığı iqtisadi böhranı geridə qoyublar. Yəni Kreml öz gücünü yenidən topladığı mesajını verir. Vəziyyət belə davam edərsə, Zelenski çətin durumda qalacaq. Yeri gəlmişkən, onu Avropada artıq heç də xoş qarşılamırlar. Çünki Qərb də başa düşür ki, Ukrayna bacardığını artıqlaması ilə etdi, bundan çoxu inandırıcı deyil”.

Turan Rzayev
Globalinfo.az