Rusiyanın göndərdiyi yük maşınının keçidinin gecikdirilməsinin pərdəarxası

“Rusiyanın yük maşını Ağdam-Xankəndi yolu ilə keçəcək. Buna şübhəm yoxdur, sadəcə erməni separatçıları yükün keçidini keçikdirməklə vaxt qazanmağa – Laçın yolu ilə bağlı Qərbin və beynəlxalq təşkilatların Azərbaycana təzyiq imkanlarını müəyyənləşdirməyə çalışırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşınının keçidinin gecikdirilməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu 

O bildirib ki, Erməni separatçıları anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər.

“Digər tərəfdən “yol mövzusunda” təşəbbüsün Rusiyanın əlinə keçməsi və Ağdam-Xankəndi istiqamətinin reallaşması bu məsələdə Fransanın, ABŞ-daki ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək ki, separatçılar adları sadalananların dəstəyindən məhrum olacaqlarından narahatdırlar”, – deyə politoloq qeyd edib.