Rusiyadakı azərbaycanlıları nə gözləyir? – Putinin mesajının şifrələri

Rusiya Prezidenti Vladimir Putin “Krokus Siti Holl”da terror aktını sifariş edənlərin hədəflərini açıqlayıb. Onun sözlərinə görə, terrorçuların əsas hədəflərindən biri ksenofobiya və islamofobiyanı qızışdırmaq olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiya özündə müxtəlif millətləri birləşdirən dövlətdir:

“Türk kökənli xalqlar – krım tatarları, altaylar və digərləri burada çoxluq təşkil edir. Sovet dövründə bir çox türk dövlətləri Rusiyanın hegemonluğu altında idilər. Onlar müstəqillik qazandıqdan sonra da rəsmi Moskva ilə əlaqələr qururlar. Rusiya MDB çərçivəsində olan türk dövlətləri ilə münasibətlərini qaydasında saxlayacaq”.

Ramiyə Məmmədova

Politoloq xatırladıb ki, Rusiyada müxtəlif millətlərdən, dinlərdən olan şəxslər yaşayır:

“Onların arasında müəyyən problemlər yaşanır, şovinizm ideyaları yayılır. Lakin bu münasibəti ümumilikdə rəsmi Rusiyaya şamil etmək doğru deyil. Vladimir Putin hansısa türk dövlətinə, islam dininə qarşı düşmənçilik etmir. Moskva terroru Rusiyaya lazım deyildi, amma Ukrayna savaşına nöqtə qoymaq üçün Kremlə şərait yaratdı”.

Politoloq Azad Məsiyev isə qeyd edib ki, Moskvada baş vermiş terror aktı birbaşa Rusiya hakimiyyətinə qarşı hesablanıb:

“Qərb koalisiyası Rusiyanı düşmən elan edib, dünyanın siyasi xəritəsindən silmək üçün Ukrayna münaqişəsini yaratdı. Bundan sonra rəsmi Moskvaya sanksiyalar tətbiq edildi. Sanksiyaların məqsədi Rusiya iqtisadiyyatını zəiflətməkdir. Bunun nəticəsində rus ictimaiyyətində təlatüm yaradacağını, xalqın mitinqə başlayaraq Prezident Vladimir Putini devirəcəyini düşünürdülər, lakin plan fiaskoya uğradı”.

A.Məsiyev deyib ki, “Krokus Siti Holl”da baş verən terrorun siyasi məqsədi var idi:

Azad Məsiyev

“Terrorun fəlsəfəsi qorxu və dəhşət yaratmaqdır. Rusiya cəmiyyətində qorxu, dövlətə inamsızlıq yaratmaq istəyirlər. Xüsusilə də taciklərdən ibarət icraçıların seçilməsi təsadüfi deyil. Bu aksiyanın təşkilatçısı, sifarişçisi və icraçısı var. İcraçısının taciklər olması Rusiya cəmiyyətində müsəlmanlara qarşı nifrət, Orta Asiya ilə münasibətlərdə soyuqluq yaratmağa hesablanıb. Sifarişçilər yenə də terror aktı planlaşdıra bilərlər. Çünki bu yaxınlarda Rusiya gömrükxanasında böyük miqdarda partlayıcı maddələr tapılmışdı.

Ayrı-ayrı dövlətlər terrordan siyasi təzyiqlər və məqsədlərinə çatmaq üçün istifadə edirlər. İŞİD terror təşkilatı Fransa tərəfindən maliyyələşir. Onun ideoloji, hərbi və maliyyə cəhətdən rəsmi Parisin əli olduğu ilə bağlı kifayət qədər faktlar var.

Azərbaycan da terrora məruz qalıb. “Krokus” azərbaycanlıya məxsusdur və burada xeyli soydaşımız çalışırdı. Onu da vurğulayaq ki, Rusiya çoxmillətli dövlətdir, Putinin etniklərə qarşı tədbirlər görəcəyinə inanmıram”.

Safura Bənnayeva
Globalinfo.az