“Rusiyada işində, gücündə olan soydaşlarımız arasında heç zaman polis zorakılığı ilə üzləşməyənlərin varlığını istisna etmirəm. Ancaq Yekaterinburq şəhərində baş verən kütləvi polis cinayəti ölkədə yaşayan azərbaycanlıların hamısı üçün həyəcan siqnalına çevrilməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiyanın böyük şəhərində onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar:
“Ötən il Rusiya polisi Sankt-Peterburq şəhərində azərbaycanlıların toy məclisinə hücum edib, qonaqları yerə uzandırmışdı. Məclisə qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdikcə kütləvi hal alır. Bu səbəbdən bu ölkədə özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyəti yoxdur. Rusiyadakı diasporamız güclü olduğu halda, azərbaycanlıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür. Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər”.
Əliyar Xəlil
Globalinfo.az