Rusiya və İran Qərbə qarşı birləşir: Yeni saziş imzalanacaq

Rusiya və İran strateji tərəfdaşlığı dərinləşdirən yeni saziş imzalamağa hazırlaşırlar. Mətn üzərində çalışmalar bitmək üzrədir, iki ölkənin diplomatları son bəndləri razılaşdırırlar. Sazişi iki ölkənin prezidentləri Vladimir Putin və İbrahim Rəisi imzalayacaqlar.

Maraqlıdır, yeni saziş nədir və nələri özündə ehtiva edir? Hansı zərurətdən İran və Rusiya belə bir sazişi imzalamaq qərarına gəldi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya və İranın yaxınlaşmasını vacib edən səbəblər var:

“İlk növbədə Ukraynada Rusiya çox güclü resurs itirir. Bunu bərpa etmək üçün kənar dəstək lazımdır. Ukrayna özü də əvvəllər İranın Rusiyaya dəstək göstərdiyini bildirmişdi. Digər məqam isə Suriyadakı vəziyyətlə bağlıdır.

Ukrayna müharibəsi Suriyanı arxa plana atsa da bu ölkədə vəziyyət gərgindir. Son zamanlar Qərb blokunun, xüsusilə İsrailin Suriyada aktivliyi müşahidə edilir. Bu həm Rusiyanın, həm İranın mövqelərinə ziddir. Çünki İsrail onların dəstəklədiyi Bəşər Əsəd rejiminin məntəqələrinə zərbələr endirir. Üçüncü isə Qəzzadakı vəziyyətlə bağlıdır.

İsrail dayanmır, Qəzzanı tamamilə tutmaq istəyir. Bu da Rusiya və İranı qane etmir. Tərəflər bunun qarşısını almaq üçün birgə hərəkət etməlidirlər.

Dördüncü məsələ isə İsrail və İran arasında yaşanan gərginlikdir. İsrail Suriyada İran generallarını öldürdü. İran buna cavab verməlidir. Ehtimal ki, Tehran bununla bağlı Rusiya ilə müəyyən məsləhətləşmələr apara bilər.

İran və Rusiyanın strateji müttəfiqliyinin kökündə dayanan əsas amilləri Qərb blokuna qarşı tərəflərin birləşməsi kimi dəyərləndirə bilərik. Ehtimal ki, onlar birdə mübarizə haqqında qərar qəbul edəcəklər”.

Turan Rzayev
Globalinfo.az