59-cu Münxen Təhlükəsizlik Konfransının diqqətçəkən məqamlarından biri də iki böyük dövlət – İran və Rusiyanın dəvət edilməməsi oldu. Bu həm də onu deməyə əsas verir ki, beynəlxalq birlik bu iki dövləti təkləyib, onlarla bağlı faktiki qərar verib.
Rusiya və İrana qarşı beynəlxalq birliyin mövqeyi Azərbaycanı da yaxından maraqlandırır. Bəzi ekspertlər hesab edir ki, hər iki ölkə yaxın qonşularımız olduğu üçün bu ölkələrdə baş verəcək ehtimal qarışıqlıq və ya müharibə Azərbaycana təsir edəcək. Misal üçün, İranla bağlı əsas arqument budur ki, orada rejim dəyişsə, ölkə parçalanacaq və bu zaman Azərbaycanın bütövləşmə şansı yarana bilər.
Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? İran və Rusiyanın Qərbin hədəfinə gəlməsi Azərbaycanın xeyrinə olacaq, yoxsa ziyanına? Bu, Qarabağ məsələsində bizə nə kimi perspektiv vəd edir?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya və İranın 59-cu Münxen Təhlükəsizlik Konfransına dəvət edilməməsi təbii haldır:
“Nəzərə almaq lazımdır ki, 59-cu Münxen Təhlükəsizlik Konfransı Ukrayna müharibəsinin bir ilinin tamamlandığı tarixə təsadüf edirdi və konfransın əsas müzakirə mövzusu məhz bu müharibə oldu. Ukrayna müharibəsinin müzakirə edildiyi bir konfransa Rusiyanın dəvət edilməsi heç bir məntiqə sığmır. Məsələ ondadır ki, rəsmi Moskva müharibəni başladan, beynəlxalq hüququ kobud şəkildə çeynəyərək Ukrayna ərazilərini işğal edən ölkədir.
Qabil Hüseynli
Qərb faktiki olaraq Rusiya işğalına qarşı Ukraynanı hər mənada dəstəkləyir. Bu, rəsmi olmasa da Qərb-Rusiya müharibəsidir. Bu reallıqlar çərçivəsində Rusiyanın konfransa dəvət edilməsi hesab edirəm anlaşılandır.
İrana gəldikdə isə İran da Rusiyadan seçilmir. Rəsmi Tehran faktiki olaraq terroru dövlət siyasətinin bir parçası elan edib və bu gün Yaxın Şərqdəki əksər silahlı dini qruplaşmaları da maliyyələşdirir. Digər tərəfdən rəsmi Tehran son 20 il ərzində ölkədəki səfirliklərə edilən hücumların birbaşa sifarişçisidir.
Qərbin İranla uzlaşma cəhdləri də Tehran nəzdinə heç bir əhəmiyyət kəsb etmir. Belə olan təqdirdə bu ölkənin də Münxenə dəvət edilməsi aydındır”.
Politoloq hesab edir ki, İran və Rusiyanın Qərbin hədəfinə gəlməsi Azərbaycanın xeyrinə olacaq:
“Hər iki ölkə ilə problemlərimiz var və hər iki ölkə regionumuz üçün ciddi təhdiddir. İran Azərbaycanın daxili, Rusiya isə xarici siyasətinə müdaxiləyə tez-tez cəhd edir. Ümumiyyətlə bu iki ölkənin olduğu regionda müstəqil olmaq, güclənmək heç də asan və bəsit bir şey deyil. Bu mənada ölkə başçısının yürütdüyü uğurlu xarici siyasət təqdirəlayiqdir.
Azərbaycan prosesləri diqqətli izləməli, hadisələrdən düzgün səbəb və nəticə çıxarmalıdır. Biz maraqlarımız çərçivəsində hərəkət edirik və maraqlarımız nəyi zəruri edirsə onu etməliyik.
Azərbaycanın bu tezlikdə birləşməsi, Güney Azərbaycanın müstəqil olması inandırıcı olmasa da bu heç olmaycaq demək deyil”.
Q. Hüseynlinin sözlərinə görə, Rusiyanın bütün hallarda zəifləməsi, gücdən düşməsi Qarabağ məsələsinə müsbət təsir edəcək:
“Rusiya Qarabağ münaqişəsini yaradan ölkədir. Əvvəllər SSRİ olması, bu gün Rusiya adlanması heç nəyi dəyişdirmir. Nəticə eynidir. Bu gün Rusiyanın Ukrayna müharibəsinə başının qarışması münaqişənin həlli baxımından tarixi fürsət yaradır. Lakin biz görürük ki, Moskva bir az rahatlayan kimi nəzərini yenidən Cənubi Qafqaza çevirir.
Buna görə də deyə bilərəm ki, Qərbin Kremlə qarşı başladacağı istənilən proses bizim xeyrimizədir. Rusiyanın diqqətinin regionumuzdan uzaqlaşması, Ermənistanla Azərbaycan arasında münaqişənin yekunlaşması üçün tarixi fürsət yarada bilər”.
Turan Rzayev
Globalinfo.az