eliyev pasinyan 01 900x563 1

2019-cu ilin avqustunda Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndiyə qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır – nöqtə” bəyanatını səsləndirməsi Bakı-İrəvan münasibətlərində ciddi siyasi gərginliyə səbəb olmuşdu. Prezident İlham Əliyev isə buna “Qarabağ Azərbaycandır – nida işarəsi” cavabı verməklə ölkəmizin öz ərazi bütövlüyü məsələsində mövqeyinin dəyişməz olduğunu nümayiş etdirdi. Bu hadisədən illər sonra regionda tamamilə yeni reallıq formalaşıb.

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır – nida işarəsi” mesajı ilə Paşinyanın “Qarabağ Ermənistandır – nöqtə” bəyanatı arasında əsas siyasi fərq nə idi?

Globalinfo.az-a danışan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib ki, 2019-cu ildə Nikol Paşinyan hakimiyyətə yeni gəlmişdi və kütlə psixologiyası onun beynindən çıxmamışdı:

“Azərbaycanın gücünü və tarixi həqiqətləri bilmirdi. Daha doğrusu, Serj Sərkisyan və Robert Köçəryanın yolu ilə gedirdi. Amma 2020-ci ildə 44 günlük müharibədən sonra başa düşdü ki, reallıq tamam başqadır. Prezident İlham Əliyevin mövqeyi tarixi həqiqətlərə əsaslanırdı. Çünki tarixi həqiqətlərə görə Qarabağ Azərbaycan torpağıdır. Bunu bütün dünya bilir və bu, birmənalıdır.

İkincisi, Azərbaycanın və Prezidentinin siyasi iradəsi, Ordumuzun gücü özünü göstərdi. Müharibədən sonra Paşinyan dərs almağa başladı ki, Azərbaycanla hərbi dildə danışmağın heç bir mənası yoxdur”.

Z.Əsgərov müharibəyə qədər Ermənistanda müxtəlif miflər uydurulduğunu xatırladıb:

“Sanki Ermənistan Qafqazın ən güclü ordusudur. Amma müharibə göstərdi ki, bu iddialar sabun köpüyü imiş. Bir anda Ermənistan ordusu darmadağın edildi və müharibənin nəticələrini qəbul etməyə məcbur oldular. Beləliklə, 2020-ci il noyabrın 10-da Azərbaycan, RusiyaErmənistan rəhbərləri üçtərəfli bəyanat imzaladılar. Ermənistan bu təslim aktına imza atmağa məcbur oldu.

İndi reallıqlar başqadır. Ermənistan artıq dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Paşinyan özü də etiraf edib ki, 2019-cu ildə bu ifadəni işlədəndə başqa prinsiplərdən çıxış edirdi. Başqa prinsiplər nə ola bilərdi? Yenə deyirəm, bəlkə də özündən əvvəlki, qatı cinayətkarlar Sərkisyan və Köçəryanın prinsiplərini rəhbər tuturdu və hesab edirdi ki, bu işğal əbədidir”.

Vitse-spikerin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr də icra olunmadığına görə onlarda belə bir təsəvvür yaranmışdı ki, bu işğal əbədidir:

“Amma bir şeyi anlamadılar ki, Azərbaycan xalqının, dövlətinin gücü, Ordusunun qüdrəti, Azərbaycan Prezidentinin siyasi iradəsi və sözsüz ki, iqtidarla xalqın birliyi nəyə gətirib çıxaracaq. Bu birlik də gətirib “Dəmir yumruğ”a çıxardı. Paşinyan artıq “Real Ermənistan” düşüncəsi ilə yaşamalı olduqlarını etiraf etməyə məcbur olub. Bu reallığı yaradan isə Azərbaycan və onun Prezidentidir”.

Ziyafet esgerov 11

Ziyafət Əsgərov

Z.Əsgərov deyib ki, azad edilən yerlər Azərbaycanın əzəli torpaqlarıdır və bunu tarix dəfələrlə sübut edib, bütün dünya da bilir:

Mən yenə qayıdıram dörd qətnamə məsələsinə. Bilirsiniz ki, uzun müddət həmin qətnamələr icra olunmadı. Daha doğrusu, bunu qəbul edənlər icra olunmasına imkan vermədilər, Ermənistanın havadarları mane oldular. Eyni zamanda, Minsk qrupu yaradıldı. 1993-cü ildə Minsk qrupu əslində problemin həlli üçün yaradılmışdı. Onun 12 üzvü olsa da, həmsədrləri ABŞ, Rusiya və Fransa idi. İşə baxın: ABŞ, Rusiya və Fransa həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. 1993-cü ildə dörd qətnamə qəbul olunmuşdu və həmin dövlətlər də onları qəbul etmişdilər. Orada göstərilirdi ki, Ermənistan qoşunları qeyd-şərtsiz Azərbaycan torpaqlarını işğaldan azad etməlidirlər. Amma etmədilər, daha doğrusu, buna imkan vermədilər. Bir tərəfdən qətnaməni özləri qəbul ediblər, digər tərəfdən isə qətnamənin icrasını təmin etmədilər. Sonra münaqişənin uzadılması üçün Minsk qrupu yaratdılar. Nəticədə 30 ilə yaxın müddətdə münaqişə həll olunmadı”.

Vitse-spiker vurğulayıb ki, sonda Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini özü təmin etdi:

“Ona görə hesab edirəm ki, Ermənistan bundan sonra da Azərbaycanın gücü ilə hesablaşmalıdır. Azərbaycanın torpaqlarına xor baxanlar belə cəzalandırılacaqlar. İndi baxın, Ermənistanla Azərbaycan arasında artıq iqtisadi əməkdaşlıq məsələləri gündəmdədir. Azərbaycandan Ermənistana neft məhsulları, başqa ölkələrin yükləri göndərilir. Həmçinin TRİPP müqaviləsi – Zəngəzur dəhlizinin açılması məsələsi var. Bu reallıqları yaradan Azərbaycan dövləti  və Azərbaycan Prezidenti olub”.

Ziyafət Əsgərov Ermənistanın coğrafi vəziyyətinə də diqqət çəkib:

“Ermənistan elə bir “tupik”də yerləşib ki, demək olar, bütün qonşuları ilə düşmənçilik siyasəti aparırdı. Türkiyəyə, Azərbaycana, Gürcüstana ərazi iddiaları var idi. Ona görə də son sözü Azərbaycan dövləti dedi. Azərbaycan Prezidenti demişdi ki, “Qarabağ Azərbaycandır – nida işarəsi”. Bu, sadəcə, bir şüar deyildi. Bu, riyazi dəqiqliklə hesablanmış bir ifadə idi ki, nəticəsini bütün dünya gördü”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: