Rusiya sülh danışıqlarını poza biləcəkmi? – Politoloq izah edir

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda davam edən danışıqlar prosesi müsbət nəticə verməlidir. ABŞ bir həftəyə kimi davam edən danışıqlar prosesinin fiaskoya uğramasına qəti şəkildə razı ola bilməz. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin bağlanması istiqamətində Vaşinqtonun təkliflərini qəbul edib. Əgər N.Paşinyan prosesi pozarsa, Vaşinqton tərəfindən dəstəklənməyəcək. İki ölkə arasında münasibətlərin qurulması ABŞ-ın Cənubi Qafqaz siyasətində prioritet təşkil edir.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ötən gün Rusiya prezidentinin sözçüsü D.Peskov Vaşinqtonun vasitəçiliyinə qarşı olduğunu bəyan etməklə prosesdən narahat olduqlarını vurğulayıb:

“Bununla da Moskva Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalara uyğun olaraq Moskvanın vasitəçiliyi ilə sülhün mümkün olacağı mesajinı verdi. Demək olar ki, Kreml ABŞ-dakı sülh danışıqlarını qəbul etməyəcəyini elan etdi.

ABŞ və Rusiya arasında Cənubi Qafqaz uğrunda rəqabət yeni mərhələyə keçib. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane ola bilməyəcək. Kreml yalnız Ermənistanla sərhəddə təxribatlara əl ata bilər, amma prosesi poza biləcək rıçaqları tükənib. Bir tərəfdən də Ukraynanın əks-hücumu gözlənilir. Bu, Rusiya rəhbərliyinin bütün diqqətini cəbhə bölgəsinə yönləndirəcək. Həmçinin Azərbaycanın Laçın yolunda NBM qurması Moskvanın təzyiqlərini neytrallaşdırıb. Ermənistan Baş naziri Nikol Paşinyan da Rusiyanın vasitəçiliyinə qarşıdır.

Moskva prosesi pozmaq üçün cəhdlər edəcək, amma nəticəsiz qalacağı şübhəsizdir. Rusiya hesab edir ki, vasitəçi özü olmalıdır, amma iki il yarım ərzində situasiyanı gərginləşdirib. Ümumiyyətlə, Moskva Azərbaycanla Ermənistan arasında vasitəçi olub, sülh müqaviləsinin bağlanmasına getməyəcək.

ABŞ vasitəçilik missiyasını uğurla davam etdirəcəksə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması realdır”.

Turan Rzayev
Globalinfo.az