“Ermənistan və Rusiya gec-tez münasibətlərin yeni mərhələsinə qədəm qoyacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun direktoru Aleksey Maslov deyib.
O bildirib ki, Ermənistan indi yeni özünəməxsusluq əldə etmək üçün çox çətin yoldan keçir. Bütün bunlar Rusiya ilə münasibətlərə təsir göstərir və bu, təbiidir.
“Ermənistanla Rusiya arasında çox dərin iqtisadi əlaqələr var. Hazırda tərəflərə fərqli keyfiyyətdə dialoq lazımdır. Bu, çətindir, amma səbirli olmaq və bu mərhələni sakitliklə keçmək lazımdır. Rusiya heç vaxt Ermənistanla Azərbaycan arasında seçim etməyib. Neft kəmərlərinə və Xəzər dənizinə nəzarət kontekstinə görə Bakı ilə münasibətlər Moskva üçün çox vacibdir. Rusiya başa düşür ki, Çin bu regiona fəal şəkildə daxil olur. Ona görə də, önləyici tədbirlər almaq lazımdır. Bunu heç bir şəkildə Ermənistanla əlaqələndirmək olmaz”.
“Moskva və İrəvan təhlükəsizlik kimi əsas sahədə daha fəal əməkdaşlığa qayıdacaq. Hazırda Ermənistanda Rusiya hərbi bazası, İran və Türkiyə ilə sərhəddə isə Rusiya sərhədçiləri qalır. Bununla belə, gələcəkdə tərəflər bu qarşılıqlı əlaqənin səviyyəsini artırmalı və kibertəhlükəsizlik, ərzaq və nəqliyyat təhlükəsizliyi kimi yeni elementlər daxil etməlidirlər”, – deyə Maslov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az