Şuşa aksiyasının GİZLİNLƏRİ: Rusiya gözləyir, Qərb hazırlıq görür, Bakı isə…

Analitik Asif Nərimanlı Globalinfo.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Asif bəy, bir neçə gündür Rusiya sülhməramlılarının nəzarətində olan Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri “Ekoloji terrora son” şüarı altında etiraz aksiyası keçirirlər. Aksiyaçılar Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlişini tələb edirlər. Sizcə, Volkovun əraziyə gəlməsi nəyisə dəyişəcək?

– “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyası gec-tez baş tutacaqdı. Çünki Rusiya bizə başqa çıxış yolu qoymamışdı. Bildiyiniz kimi, Azərbaycan öz suveren ərazisində ekoloji monitorinq keçirmək məqsədilə sülhməramlılarla danışıqlar aparırdı. Lakin bir-birinin əksi olan iki hadisə baş verdi.

Nümayəndələrimiz monitorinqə başlamaq üçün bölgəyə getsə də, Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədildi. Onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə ilə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və haqlı olaraq Şuşa şəhərinə qayıtmağı lazım bilib.

Bu hadisə onu deməyə əsas verir ki, Azərbaycanın tələbi qarşısında “yox” deyə bilməyən ruslar “mülki təxribat”la prosesin qarşısını aldı. Şuşa yolunda keçirilən aksiya bu kontekstdə “mülki təxribata” qarşı mülki etiraz formasıdır və siyasi baxımdan da ən doğru seçim hesab edilə bilər.

Artıq sülhməramlıların qarşısında təkcə diplomatlar və hərbçilər yox, həm də praktiki olaraq xalq var. Və bu aksiya ümumilikdə Qarabağ iqtisadi rayonuna qayıdışın cığırını da açır. Mülki əhali Xankəndiyə, Xocalıya, Xocavəndə yürüş edərsə, heç bir qüvvə onların qarşısını ala bilməyəcək.

– Laçın-Şuşa yolundakı aksiyanın təşkilatçısı kimdir?

– Əslində, bir çoxları bu sualı verir ki, “Aksiyaları Azərbaycan hakimiyyəti təşkil edir?”. Hesab edirəm, bu, hakimiyyətin yox, dövlətin məsələsidir. Dövlət isə lazım olanda bütün kartlardan istifadə edə bilər.

Əslində, dövlət müharibədən sonra rus sülhməramlılarına, erməni separatçılarına qarşı ictimai qəzəbin praktiki mərhələyə keçməsinə imkan yaratdı deyə bilərik, yaxud ilk dəfə qarşısını kəsmədi. Və aksiyaya verilən ictimai dəstək də göstərir ki, dövlət “hə” desə, xalq ələ-ələ verib Şuşanın dağlarından Xankəndinin mərkəzinə qədər enə biləcək potensiala malikdir. Bu baxımdan, kiminsə nəsə təşkil etməsi olduqca təbiidir.

– Erməni və bəzi yerli mediada isə tamam fərqli versiyalar səslənir…

– Erməni mediasında fərqli versiyalar tirajlana bilər. Prinsip etibarilə bu xəbərlərin hədəfləri də məlumdur.

Ermənilər  beynəlxalq ictimaiyyətdə “Azərbaycan hakimiyyəti Laçın dəhlizini bağlayıb və Qarabağdakı ermənilərə qarşı “humanitar soyqırımı” törədir” rəyini yaratmaq və Bakıya təzyiqlər etməklə prosesin qarşısını almağa çalışır.

O ki qaldı yerli mediada bənzər tezislərin tirajlanmasına, bunun da bir neçə səbəbi var. Siyasi düşüncəsinə görə “fərqli mövqe” sərgiləmək və ya hakimiyyətin nəticə əldə etməsini istəməmək buna misal ola bilər.

– Asif bəy, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi. Sizcə, bu zəngin səbəbi Laçın-Şuşa yolundakı aksiyalardır, yoxsa başqa bir səbəb var?

– Aydın məsələdir ki, Vladimir Putin Prezident İlham Əliyevə məhz Şuşa yolundakı aksiyalar ilə bağlı zəng edib. Kreml aksiyaların dayandırılmasını istəyə bilər. Lakin Bakının geri çəkilməsi inandırıcı deyil. Hadisələrin inkişafı bu versiyanı gücləndirir.

Prosesin uzanması həm də Bakının qərarlı mövqeyini göstərir. Aksiya iştirakçıları ərazidə çadır qurur, yeni iştirakçılar da gəlir. Proses uzanana oxşayır.

– Sanki Rusiya gözləmə mövqeyindədir…

– Düzdür. Mən də elə hesab edirəm ki, Rusiya gözləmə mövqeyindədir. Rusiyanın gözləmə mövqeyi həm də “beynəlxalq ictimaiyyətin” Azərbaycana təzyiq edə biləcəyindən qaynaqlanır. Ruslar hesab edir ki, ABŞ, Fransa və Avropa İttifaqının çağırış etməsi və “bütün tərəflərin” eyni mövqe sərgiləməsi nəticəsində Bakı geri addım atacaq. Lakin bu baş verməyəcək.

Turan Rzayev
Globalinfo.az