Rusiya Bakı və İrəvana çağırış etdi

“Biz Bakı və İrəvanı təmkinli olmağa və aqressiv ritorikadan çəkinməyə çağırırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O,  Moskvanın  “Zəngəzur dəhlizi” ifadəsini işlətmədiyini, Ermənistanın Sünik (Zəngəzur) rayonu ərazisindən keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən marşrutdan danışdığını diqqətə çatdırıb.

“Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və mübadiləsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Biz öz tərəfimizdən bu işə maksimum köməklik göstərməyə hazırıq. Rusiyada unikal kartoqrafik materiallar mövcuddur”, – deyə Zaxarova bildirib.

Mariya Zaxarova Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu arasında yaxşı qurulmuş mexanizmin mövcud olduğunu deyib. O, 2023-cü ildə keçirilən son görüşdə tərəflərin regionda nəqliyyat və iqtisadi marşrutların açılması üçün qarşılıqlı faydalı qərarlar qəbul etməyə yaxın olduqlarını xatırladıb.

Rusiya XİN rəsmisi tərəfdaşları siyasi iradə nümayiş etdirməyə və üçtərəfli formatlarda qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az