Region cəbbəxanaya dönür: İrəvanın revanş planının sübutu – Təhlükəsizlik eksperti

Hindistanın “Akaş” zenit-raket kompleksinin Ermənistana tədarükünün bir neçə aydan sonra başlanacağı gözlənilir. Bundan başqa, “Bollivud” silahlarının, “BrahMos” hava raketlərinin və yerüstü, qısamənzilli taktiki “Pralay” ballistik raketlərin, ATAGS və MARG 155 haubitsalarının alınmasına dair müzakirələr aparılır.

Bütün bu hazırlıqlar Ermənistanın müharibəyə hazırlaşdığını göstərir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan milli təhlükəsizlik və hərbi-humanitar elmlər üzrə professor, STM İdarə Heyətinin üzvü, Departament müdiri Tahirə Allahyarova qeyd edib ki, silah çatdırılmaları iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçiriləcək:

“Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Onlara uyğun olaraq, Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan “Pinaka” reaktiv yaylım atəş sistemləri (MLRS), həmçinin tank əleyhinə raket və sursatlar verib. Müqavilə üç il ərzində Ermənistana bu tipli 90 artilleriya qurğusunun verilməsini nəzərdə tutur.

Bu ilin avqustunda “Indian Defence Research Wing” internet nəşrinin məlumatına görə, Hindistanın “Bharat Forge LTD” müdafiə şirkəti 155,5 milyon dollarlıq müqavilə çərçivəsində altı yedəkli 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib. Bu, Hindistanla imzalanmış böyük müqaviləyə əsasən Ermənistana gələn ilk partiya idi. Müdafiə müqaviləsi Ermənistana 155,5 dollar dəyərində 90 ədəd ATAGS qurğusunun verilməsini nəzərdə tutur. Bundan əlavə, növbəti 3 il ərzində Ermənistana mərhələli şəkildə daha 84 haubitsa verilməlidir”.

Ermənistana verilən və verilməsi nəzərdə tutulan texnikaların üstünlükləri barədə danışan T.Allahyarova bildirib ki, Ermənistan indi də təyyarə əleyhinə sistemlər alır:

“Təhlillərdən məlum olur ki, Ermənistan Hindistanda hazırlanmış Zen Anti-Dron Sisteminin (ZADS) tədarükü üçün müqavilə imzalayıb. Hindistan Hərbi Hava Qüvvələrində (IAF) sistemi 2021-ci ildə istifadəyə verilib və Hindistan Ordusu bu sistemlərdən 2,27 milyard INR və ya 27,3 milyon ABŞ dolları dəyərində 20 C-UAS vahid sifariş edib. Habelə  Hindistan ordusu 2024-cü ilin martında C-UAS sistemlərini alacaq. Mənbələrə görə, Ermənistanın Heydərabadda yerləşən “Zen Technologies” şirkəti ilə həm təlim proqramları, həm də ZADS sisteminin özü də daxil olmaqla 41,5 milyon dollar dəyərində pilotsuz uçuş aparatları əleyhinə sistemin tədarükü üçün müqavilə imzalanıb.

İrəvan Hindistandan ZADS da aldı: nəyə qadirdir?

Zen Technologies Anti-Dron Sistemi sübut edilmiş texnologiyadır. O, artıq Hindistan Hərbi Hava Qüvvələrində tətbiqə daxil olub.

“Zen Technologies”in dron əleyhinə müdafiə sistemi passiv müşahidə sensorları, kameralar vasitəsilə PUA-ların aşkar edilməsini, təsnifatını və izlənilməsini və radio tıxacları vasitəsilə “pilotsuz təhlükənin” zərərsizləşdirilməsini təmin edir.

Zen Anti-Drone Sistemi – Pilotsuz Uçuşlara Qarşı Hava Sistemi (CUAS) – pilotsuz uçuş aparatlarının hücumlarına qarşı tamlaylı müdafiəni təmin etməyə qadir olan çoxqatlı, çoxsensorlu arxitekturadır.

Ermənistan Rusiyadan idxal etdiyi, köhnə hesab etdiyi hərbi texnikasını modernləşdirmək üçün Hindistanın təcrübəsindən öyrənməyə can atır. Erməni hərbçilərin yeni silahları mənimsəməsi problemi də mövcuddur.”.

Onun sözlərinə görə, Ermənistan-Hindistan “dostluğunun” səbəbləri və hazırlıqlar rəsmi İrəvanın isterika səviyyəsinə çatan revanşizm siyasətinə xidmət edir:

“Vətən müharibəsində Azərbaycanı ən çox dəstəkləyən ölkələrdən biri Pakistan oldu. Hindistan məhz bu dostluğu özünə düşmən birlik kimi qəbul edərək, Ermənistanı dəstəkləyən, silahlandıran əsas ölkəyə çevrilib. Artıq Hindistanla bir milyard dollarlıq müdafiə razılaşmaları ilə bağlı  müqavilələri var. Hər iki ölkənin – Fransa və Hindistanın Ermənistanı silahlandırmaq səylərinin bütün geosiyasi nəticələrini hesablamaması, göz altına almaması – uzaqgörən siyasət adlandırıla bilməz.

Ermənistan isə belə siyasətlə özünün isterika səviyyəsinə çatmış revanşizm – qisasçılıq niyyətlərini hər gün daha çox büruzə verir. Regionda yeni silah-sursat cəbbəxanasına dönüşən Ermənistan özünün sülhdə maraqlı olmadığını sübut edir. Bunu isə dünya güclərinin ikili standartlar siyasəti ilə görməsi mümkün deyil”.

Safura Bənnayeva
Globalinfo.az