quru srhddi

Azərbaycanın Türkiyə və Gürcüstanla quru sərhədlərinin açılacağı deyilir. İndiyə kimi bağlı qalmasına qeyri-rəsmi səbəb kimi regiondakı mövcud vəziyyətdə qonşu ölkələrdən Azərbaycana terrorçuların və cinayətkarların sızma ehtimalının olduğu bildirilirdi.

Hazırkı vəziyyətdə sərhədlər açılacağı zaman bu mümkün ola bilərmi? Əgər varsa, qarşının alınması üçün nə kimi tədbirlərin həyata keçirilməsi zəruridir?

Mövcud proseslərin fonunda mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik üzrə ekspert Rəşad Rza sərhədlərin bağlanmasının təhlükənin qarşısının alınması üçün çıxış yolu olmadığını deyib:

“Doğrudur, əslində təhlükə ehtimalı var. Amma son baş verən hadisələr onu göstərdi ki, sərhədlərin bağlı qalması təhlükələrin qarşısını ala bilmədi. Öncədən ölməmizdə məskunlaşan, gizlənən şəxslər planlarını həyata keçirirlər. Ona görə də mühafizə və təhlükəsizliyin gücləndirilməsi üçün başqa tədbirlər görülməlidir. Ayıq-sayıq olmaq lazımdır. Hər kəs yaxınlarının təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Dövlət orqanlarında, güc strukturlarında canlı qüvvənin sayını artırılmalı və texniki baza gücləndirilməlidir. Müasir texniki baza ilə təminat vacibdir. Elə bu gün – 31 mart erməni terrorizminin qanlı tarixinin bir hissəsidir. 105 il keçməsinə baxmayaraq bu niyyətləri davam edir. Biz bu terrorizmlə üz-üzəyik və bu, gələcəkdə də davam edəcək”.

“Bu məsələnin kökündən həlli üçün terrorizmlə bağlı mütəxəssislərin yetişdirilməsidir. Həmçinin hazırkı mütəxəssislərə də şərait yaradılmalıdır ki, dövlətə, xalqa xidmət etsinlər. Ölkəmizdə kadr çatışmazlığı var, əsas məsələ də budur”-deyə, ekspert bildirib.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan quru sərhədi 3 ildir koronavirus pandemiyası səbəbindən bağlıdır.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: