pasinyan ordu yeni 900x600 1

“Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi Cənubi Qafqazın təhlükəsizliyi və gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır”.

Bu sözləri Globalinfo.az-a deputat Elman Nəsirov deyib.

O xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüş zamanı sülh sazişinin mətni paraflanıb, liderlər Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə birgə bəyannamə imzalayıblar:

“Bununla da danışıqların siyasi çərçivəsi müəyyənləşdirilib. Bu reallıq fonunda 2026-cı ilin oktyabrına olan vəziyyət göstərir ki, əldə edilmiş siyasi razılaşmaların yekun sülh müqaviləsinə çevrilməsi prosesi başa çatmayıb. Bir tərəfdən, sərhəd sabitliyinin qorunması, iqtisadi əlaqələrin genişləndirilməsi və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində addımlar atılır. Digər tərəfdən, Konstitusiya məsələsi, müqavilənin imzalanma şərtləri və bəzi regional məsələlər üzrə fikir ayrılıqları qalır. Beləliklə, hazırkı mərhələnin əsas xüsusiyyəti siyasi razılaşmalarla onların hüquqi və praktiki baxımdan icrası arasında fərqin mövcud olmasıdır”.

E.Nəsirov bildirib ki, Vaşinqton görüşündən sonrakı dövrü tam durğunluq kimi qiymətləndirmək düzgün olmazdı:

“İlk növbədə, tərəflər arasında birbaşa siyasi dialoq davam edib. İkincisi, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması və Azərbaycan nefti və neft məhsullarının Ermənistana ixracı kimi praktiki addımlar iqtisadi münasibətlərdə yeni imkanlar yaradıb. Üçüncüsü, TRIPP nəqliyyat layihəsinin həyata keçirilməsi üçün ABŞ və Ermənistan arasında icra çərçivəsi razılaşdırılıb və layihənin hazırlıq işləri üzrə addımlar atılıb. Bu proseslər göstərir ki, tərəflər arasında müəyyən əməkdaşlıq elementləri formalaşır. Bununla belə, iqtisadi təmasların artması avtomatik olaraq yekun sülh müqaviləsinin imzalanması demək deyil. Əsas məsələ əldə edilmiş nəticələrin davamlı siyasi və hüquqi mexanizmlərlə möhkəmləndirilməsidir”.

Deputatın sözlərinə görə, sülh müqaviləsinin imzalanması prosesində ən mühüm fikir ayrılıqlarından biri Ermənistan Konstitusiyası ilə bağlıdır:

“Azərbaycan tərəfinin haqlı mövqeyinə görə, Ermənistan Konstitusiyasının istinad etdiyi 1990-cı il Müstəqillik Bəyannaməsindəki müddəalar Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmişdir. Bu səbəbdən də rəsmi Bakı Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını sülh müqaviləsinin imzalanması üçün zəruri şərt hesab edir. Bu məsələdə Ermənistan rəhbərliyinin davranışı ikili və dəyişkən xarakter daşıyır. Bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edir ki, sülh müqaviləsinin imzalanması labüd prosesdir və ölkəsinin yeni konstitusiyasında 1990-cı il Müstəqillik Bəyannaməsi yer almayacaqdır. Digər tərəfdən də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 21 oktyabr 2026-cı ildə tərəflərin bu məsələdə razılaşmadığını, konstitusiya məsələsinin hazırda ikitərəfli danışıqların ayrıca mövzusu olmadığını açıqlayıb. Sadalanan ziddiyyətli davranış fonunda rəsmi İrəvan sülh sazişinin imzalanması üçün vaxt və yer barədə məsləhətləşmələrə hazır olduğunu da bildirib. Azərbaycan üçün əsas məsələ gələcəkdə ərazi iddialarının irəli sürülməsi riskinin aradan qaldırılması və davamlı sülhün hüquqi təminatıdır”.

elman nesirov yeni 3 900x600 1

Elman Nəsirov

Millət vəkili qeyd edib ki, Nikol Paşinyan 15 oktyabr 2026-cı ildə sülh sazişinin imzalanması və ratifikasiyasını 2031-ci ilədək həyata keçirmək məqsədini açıqlayıb:

“Bu tarix Ermənistan hökumətinin 2026-2031-ci illəri əhatə edən proqramı ilə əlaqələndirilib. Paşinyan bunu müqavilənin mütləq həmin tarixdə imzalanacağına dair beynəlxalq hüquqi öhdəlik kimi deyil, hökumətin qarşısına qoyduğu məqsəd kimi təqdim edib. Bununla belə, siyasi baxımdan belə uzunmüddətli hədəfin elan edilməsi müəyyən suallar yaradır. Birincisi, sazişin mətni artıq razılaşdırılıb və paraflanıbsa, onun imzalanması üçün konkret mərhələlərin və yaxın müddətli hədəflərin müəyyənləşdirilməsi optimal variant kimi qəbul oluna bilərdi. İkincisi, 2031-ci ilədək olan müddət ərzində daxili siyasi dəyişikliklər, regional təhlükəsizlik şəraiti və tərəflərin qarşılıqlı münasibətləri prosesə təsir göstərə bilər. Üçüncüsü, konkret vaxt qrafikinin olmaması siyasi bəyanatlarla faktiki nəticələr arasındakı məsafəni artıra bilər. Bu səbəbdən 2031-ci il hədəfi Azərbaycan tərəfindən haqlı olaraq prosesin ləngidilməsi kimi qiymətləndirilir”.

Elman Nəsirov vurğulayıb ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılması regional iqtisadi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır:

“TRIPP layihəsi bu bağlantının reallaşdırılması üçün yeni çərçivə yaradır. 2026-cı ilin iyununda Ermənistan və ABŞ layihə üzrə çərçivə sazişi imzalayıb, avqustda isə Ermənistan və ABŞ layihə üzrə mühəndislik işlərinin aparıldığı barədə birgə məlumat yayıblar. Bununla belə, layihənin tam işlək vəziyyətə gətirilməsi üçün infrastrukturun qurulması, gömrük və sərhəd prosedurlarının müəyyənləşdirilməsi, təhlükəsizlik mexanizmlərinin razılaşdırılması və digər əməliyyat məsələləri həll edilməlidir. Azərbaycan üçün bu marşrutun əhəmiyyəti yalnız Naxçıvanla əlaqənin təmin olunmasından ibarət deyil. Layihə həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına, regional ticarətin genişlənməsinə və Orta Dəhlizin imkanlarının artırılmasına xidmət edə bilər. Ermənistan isə layihədə öz suverenliyinin və ərazisi üzərində yurisdiksiyasının qorunmasını əsas prinsip kimi vurğulayır. Deməli, əsas məsələ nəqliyyat bağlantısının açılması barədə ümumi razılıqdan onun hüquqi, texniki və əməliyyat mexanizmlərinin konkretləşdirilməsinə keçməkdir”.

Deputatın fikrincə, dövlət sərhədinin delimitasiyası və demarkasiyası sülhün davamlılığı üçün vacib amillərdən biridir:

“Sərhədin ayrı-ayrı hissələrində əldə edilən razılaşmalar müsbət addım sayılsa da, prosesin bütövlükdə tamamlanması əlavə danışıqlar tələb edir. Mətbuatda yer almış məlumatlara görə, anklav və eksklavlar məsələsinin hökumətlərarası komissiyada müzakirə olunmadığı, lakin Ermənistanda bu mövzunun siyasi gündəmə gətirildiyi bildirilir. Ümumilikdə, sərhədlə bağlı məsələlərin ictimai bəyanatlar və birtərəfli açıqlamalar əvəzinə hökumətlərarası komissiyanın razılaşdırılmış prosedurları çərçivəsində həlli daha məqsədəuyğundur”.

Xarici aktorların rolu haqda danışan Elman Nəsirov deyib ki, ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə və İran Cənubi Qafqazda müxtəlif təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat maraqlarına malikdirlər:

“Vaşinqton razılaşmaları ABŞ-ın sülh prosesində rolunu gücləndirib, TRIPP layihəsi də regional bağlantılar məsələsinin həllinə yeni imkanlar yaradıb. Bununla belə, sülh prosesindəki bütün çətinlikləri təkcə xarici güclərin rəqabəti ilə izah etmək düzgün olmazdı. Əsas ziddiyyətlər Azərbaycan və Ermənistanın hüquqi şərtləri, təhlükəsizlik narahatlıqları və siyasi qərarları ilə bağlıdır. Azərbaycan sülh prosesində konstruktiv mövqe nümayiş etdirir, sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin formalaşmasına davamlı töhfələr verir. Azərbaycanın atdığı addımlar heç bir halda xarici aktorların diktəsi ilə deyil, ölkəmizin milli maraqlarından qaynaqlanaraq müstəqil xarici siyasətin təsdiqi kimi reallaşdırılır. Eyni fikirləri Ermənistan haqqında söyləmək mümkün deyildir. Ermənistan sülh prosesində ənənəvi olaraq asılı olduğu paytaxtlardan təlimatlar gözləyir. Nəticədə sülh gündəliyi statik və durğun vəziyyətin girovuna çevrilir”.

Elman Nəsirov əlavə edib ki, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün siyasi bəyanatlar praktiki əməkdaşlıqla, hüquqi razılaşmalarla və yerinə yetirilə bilən öhdəliklərlə tamamlanmalıdır:

“Azərbaycan üçün mühüm məsələ sülh müqaviləsinin imzalanması ilə yanaşı, onun gələcəkdə yeni münaqişələrin qarşısını alacaq hüquqi və institusional təminatlara malik olmasıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: