Qubad İbadoğlunun partiyasından qalmaqallı istefa

Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy hərəkatdan istefa verib.

Globalinfo.az bildirir ki, bu barədə Əlisoy öz feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, pandemiya, daha sonra səhhətində yaranan problemlərlə bağlı hərəkatın sədri Qubad İbadoğlunun onlayn toplantılarından uzaq düşüb: “Son qurultay barədə isə qurultaydan bir gün sonra dostum Əli Sabirabadlıdan xəbər tutdum”.

Əlisoy bildirib ki, Qubad İbadoğlu Londonda yaşayır və işləyir Bakıda isə bir təşkilatın həm sədri, həm də Məclisinin sədridir: “Birinci müavin postu belə yox.  Digər bir partiyada bənzər durum varmı? ADR obyektmi, kiçik müəssisə mi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər.

Səxavət Əlisoy Qubad İbadoğlunu tənqid edib istefa verdi

Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu onu deyir ki, konstruktiv yoldan imtina olunub. Nədən bunu etdi? Bu barədə heç nə yazmıram.

ADR Hərəkatına son 7 ildə məhz Qubad İbadoğluna görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı.

Qubad İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü biruzə verir. (Etika xətrinə onun İH üzvlərinə yazdığı tövsiyə xarakterli tezislərini bura qoymuram) Birbaşa özünün qayğısı ilə trollar yetişməkdə. Barəsində yazılan tərifləri, şeirləri yağ kimi içir. Haqqında deyilən “dünya miqyaslı alim” epitetinə belə reaksiya vermir.

Qubad İbadoğlunun QHT-si Mədən Sənayesində Şəffaflıqla bağlı araşdırmaları ilə tanındı. ADR Hərəkatında isə Şəffaflıqdan əsər-əlamət yox.

ADR Hərəkatında sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz.

“Hakimiyyət məndən qorxur”, “filan qanun  dəyişikliyini mənə görə ediblər”, “filan dövlətin baş naziri tanıdığı üçün mənə stavka edəcək” kimi yalanları dövriyyəyə buraxmaqla lider olmaq mümkün deyil…

Daha çox nəsnələrə toxuna bilərəm, amma yazmağı özümə rəva görmürəm.

Sən, uşaqlarına gün ağlamağı bacaran, savadlı və çevik bir araşdırmaçısan, Qubad bəy.

Sən, QHT incəliklərini mükəmməl bilən bir ictimai xadimsən, Qubad bəy.

Partiya, Hərəkat QHT qayda-qanunları ilə idarə oluna bilməz.

Sən bacarıqlı adamsan, amma partiya idarəçiliyinə bu bacarığını şamil etmək olmaz

Bilirsən ki, səni heç vaxt lider kimi görmədim.

Çünki sən tək adam idarəçiliyinin mən kollektiv, ortaq ağılın tərəfindəyəm.

Biz eyni yolun yolçuları deyilik, hörmətli Qubad bəy.

Sənə və İdarə Heyətində səni “Azərbaycanın xilaskarı” kimi qələmə verənlərə, haqqında təriflər yazıb göylərə qaldıranlara həkim olaraq, sağlamlıq arzulayıram.

P.S. Şəxsimə görə ADR Hərəkatına üzv olanlara məsləhətim belədir: Qərar özünüzün”.