Xəbər verdiyimiz kimi, Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının (QHT) “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub.
Yeni qaydalar nə vəd edir?
Globalinfo.az-a danışan “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin (İB) sədri Seymur Verdizadə deyib ki, bu yöndə yeni qaydaların təsdiq edilməsi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafında və dövlət-QHT tərəfdaşlığının möhkəmlənməsində mühüm bir mərhələdir:
Seymur Verdizadə
“Düşünürəm ki, bu addım idarəetmədə çevikliyi təmin etməklə yanaşı, bürokratik əngəlləri aradan qaldırır və layihələrin qeydiyyatı, icrası həmçinin hesabatlılığı prosesində vaxt itkisini minimuma endirir. Yeni qaydaların mahiyyəti şəffaflığın artırılmasına, rəqəmsal resursların vahid mərkəzdən idarə olunmasına və maliyyə mexanizmlərinin daha da optimallaşdırılmasına xidmət edir”. “Bir pəncərə” sistemi donor qurumlar ilə QHT-lər arasında birbaşa və səmərəli koordinasiya yaradaraq, yerli layihələrin keyfiyyətinin və sosial faydalılıq əmsalının yüksəlməsinə təkan verəcək. Şübhəsiz ki, bu qərar vətəndaş cəmiyyətinin fəallığını artıracaq və QHT-lərin ölkəmizin sosial-iqtisadi inkişaf proseslərində daha yaxından iştirakına geniş imkanlar açacaq”.
İncəsənətin Tərəqqisinə Dəstək İB-nin sədri Turanə Orucova bildirib ki, QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” prinsipinin tətbiqi müsbət istiqamətdə atılmış mühüm addımdır:
Turanə Orucova
“İndiyədək müxtəlif donorlar və dövlət qurumları tərəfindən eyni təşkilatların dəfələrlə qrantlarla təmin olunması halları müşahidə edilir, nəticədə isə real fəaliyyət göstərən bir çox QHT-lər bu imkanlardan kənarda qalırdı. “Bir pəncərə” prinsipinin tətbiqi ilə ayrı-ayrı nazirliklərin və qurumların istədikləri təşkilatları maliyyələşdirməsi imkanları məhdudlaşacaq, layihələrin seçilməsi və maliyyələşdirilməsi vahid mexanizm əsasında həyata keçiriləcək. Bu isə şəffaflığın və nəzarətin güclənməsinə, qrantların daha ədalətli bölüşdürülməsinə xidmət edəcək. Eyni zamanda, yeni sistem QHT-lər arasında sağlam rəqabətin formalaşmasına, onların fəaliyyət keyfiyyətinin yüksəlməsinə və daha səmərəli təşəbbüslərin ortaya çıxmasına mühüm töhfə verəcək”.
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova isə qeyd edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar QHT-lərin maliyyələşdirilməsi mexanizmini daha sistemli və şəffaf formaya gətirir:
Elnurə Abuşova
“Uzun illərdir ki, bir sıra qrant verən qurumların əsasən müəyyən QHT-lərlə işlədiyi, prosesdə bürokratik maneələrin və müxtəlif maraqların rol oynadığı ilə bağlı fikirlər səsləndirilir. Ayrılan vəsaitlərin bölgüsü və nəticələri barədə şəffaf hesabatlılığın yetərli olmaması da müzakirə olunan məsələlərdəndir. Məsələn, bəzi hallarda illər ərzində qrant alan təşkilatlar barədə məlumatlar ictimaiyyətə tam şəkildə açıqlanmır. Ümid edirik ki, “bir pəncərə” prinsipi əsasında formalaşdırılan yeni mexanizm bu kimi problemlərin aradan qaldırılmasına, şəffaflığın və hesabatlılığın artırılmasına töhfə verəcək. Qaydalar yalnız dövlət qeydiyyatından keçmiş QHT-lərin maliyyələşdirilməsini nəzərdə tutur ki, bu da hüquqi məsuliyyətin və maliyyə intizamının güclənməsinə xidmət edir. Ayrılan vəsaitlərin yalnız bank hesabları vasitəsilə köçürülməsi isə maliyyə dövriyyəsinin tam nəzarətdə saxlanılmasına imkan verəcək. Bu dəyişikliklər Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafına verdiyi davamlı dəstəyin növbəti nümunəsidir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən, 15 dövlət qurumu tərəfindən QHT-lərin maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək. Bu məqsədlə 9 nazirlik – Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Gənclər və İdman, Səhiyyə, Maliyyə, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, eləcə də 6 digər qurum – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Gənclər Fondu, KOBİA və Sosial Xidmətlər Agentliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək. Qərar QHT-lərin müsabiqə və müsabiqədənkənar qaydada, həmçinin dövlət sifarişləri, subsidiyalar daxil olmaqla bütün növ maliyyələşdirilməsini əhatə edir.
Ləman İmran
Globalinfo.az