“ABŞ Qəzzada sülh sazişinin bağlanması üçün yeni strategiyalar üzərində işləyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Yeni strategiyada HƏMAS lideri Yəhya Sinvarın Qəzzadan sərbəst keçidinə icazə verilməsindən tutmuş, anklavdakı israilli girovların azad edilməsinə və Misirlə sərhəddə İsrail əsgərlərinin sayını azaltmağa qədər bütün məsələlər əks olunub.
Amerika rəsmiləri bu təkliflərin tərəfləri razılığa gəlməyə sövq edəcəyinə ümid bəsləyirlər. Onlar həmçinin HƏMAS-ı əvvəlcədən müəyyən edilmiş şərtlərlə razılaşmağa və tələbləri azaltmağa inandırmaq üçün təzyiqləri artırmaq niyyətindədirlər.
Xatırladaq ki, bu il avqustun 15-16-da Dohada Qəzza zolağında atəşkəsə və HƏMAS-ın saxladığı girovların azad edilməsinə dair danışıqlar aparılıb. Misir, Qətər və ABŞ-ın birgə bəyanatında görüşün müsbət atmosferdə keçdiyi qeyd edilib. Danışıqların yeni raundu zamanı ABŞ Qətər və Misirin dəstəyi ilə HƏMAS və İsrail arasında fikir ayrılıqlarını azalda biləcək təklif irəli sürüb. Lakin HƏMAS bildirib ki, Amerikanın təşəbbüsü yalnız İsrailin maraqlarını nəzərə alır.
Müşviq Tofiqoğlu
Globalinfo.az