Qəzza və Ukraynanı qana boyayan qüvvə Ermənistana sızır – PLAN


NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina bildirib ki, Alyans Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir. NATO nümayəndəsi bunu da vurğulayıb ki, danışıqların ikitərəfli formatda, ABŞ və Avropa İttifaqı platformalarında davam etdirilməsinin tərəfdardır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, son dövrlərdə ABŞ və Avropanın Cənubi Qafqaza, o cümlədən Azərbaycana marağı getdikcə artır:

“Rusiyanı regiondan tamamilə uzaqlaşdırmaq, sərhədlər, təbii sərvətlər, kommunikasiyalar və s. Qərbin maraqlarını artıran səbəblərdir. ABŞ hegemonluğunu göstərmək üçün hər tərəfə əl uzatmağa başlayıb. Rusiya-Ukrayna, HƏMAS-İsrail münaqişələri və digəriləri buna misaldır. Bu vəziyyət isə müsbət heç nə vəd etmir. Beləliklə lokal münaqişələr genişmiqyaslı müharibələrə çevrilir”.

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münaqişə bitib:

“Bu halda ABŞ, yaxud da digər qüvvələrin İrəvanı boş xülyalara cəlb etməsi gülüncdür. Qarabağ məsələsində bu günə qədər heç nə edə bilməyən NATO, Vaşinqton müharibə bitdikdən sonra həvəsləniblər. Həmin güclər tərəfindən verilən vədlər, atılan addımlar səmimi qəbul edilməməlidir”.

Safura Bənnayeva

Globalinfo.az