ABŞ və Fransanın regiondakı hədəfləri – Politoloq

“ABŞ imperializmi davam etdirən və neokolonialist Fransa ilə birlikdə dünyada istismar siyasətini ayaqda tumağa çalışan ölkədir”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmalıyov ABŞ və Fransanın Azərbaycana təzyiqləri, bunun regiona təsiri haqda danışarkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın istismarçı siyasətinə regional əməkdaşlıqlar ciddi əngəlidir:

“Vaşinqton başa düşür ki, Cənubi Qafqazda və ya fərqli regionda formalaşan regional əməkdaşlıq platformaları gələcəkdə ABŞ-ın bu regionlara yönəlik maraqlarına təhdid yaradır.

Aydın məsələdir ki, ABŞ-ın işğalçı, qəsbkar, imperialist siyasəti dayanmayacaq. Çünki bu ölkə dünya hegemoniyasını məhz bu siyasət üzərində formalaşdırıb. Bunun tərkib hissəsi isə ayrı-ayrı regionlarda konfliktlər yaradıb, davamlı xaosun hakim olmasını təmin etməkdir.

ABŞ regional əməkdaşlıq platformalarının gələcəkdə özünə qarşı müqavimət yarada biləcəyindən ehtiyat edir. Bu, Vaşinqton üçün arzuolunan ssenari deyil. Çünki ABŞ rəqiblərinə qarşı beynəlxalq koalisiya yaradır. Bu gün onun özünə qarşı bənzər təşəbbüsün yaradılmasına razı ola bilməz.

ABŞ xüsusilə Cənubi Qafqazda əməkdaşlığın qurulmasında maraqlı deyil. Çünki bu regionda Vaşinqtonun xüsusi maraqları var. Təəssüf ki, ABŞ Cənubi Qafqaz siyasətinə Aİ-ni də cəlb edib. Məhz buna görə bu gün ABŞ Aİ ilə birlikdə Azərbaycana qarşı təzyiq edir”.

Turan Rzayev
Globalinfo.az