Qərb Ukraynanı bitirir – Yardım dayandırılır, Zelenski kapitulyasiya sənədi imzalayacaq

Ağ Evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb ki, ABŞ Ukraynaya hərbi yardımı dayandırıb.

Ukraynaya yardımın dayanmasının səbəbi nədir? Kiyev daha hansı ölkələrdən yardım istəyə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov qeyd edib ki, müharibə başlayandan etibarən ABŞ Ukraynaya təxminən 100 milyard dollarlıq yardım ayırıb:

“Ən son 2023-cü ilin dekabrında 250 milyon dollarlıq yardım paketi ayrıldı. 2024-cü ildə hələki yardım edilməməsinin səbəbi Konqresdə ABŞ Prezidenti Co Baydenin təklif etdiyi yardım paketinin hələ də müzakirə mərhələsində olmasından qaynaqlanır. Senatda paket təsdiqini tapdıqdan sonra Nümayəndələr Palatasında da təsdiqlənməlidir. Bu paket 60 milyard dollarlıq yardımı nəzərdə tutur. Maneə isə Nümayəndələr Palatasındadır. Burada təmsil olunan Respublikaçılar yardım paketinə qarşıdır. Onların da müəyyən tələbləri var. ABŞ-ın Meksikaya olan sərhəd məsələsi həll olunmalı, ona ayrılması nəzərdə tutulan 14 milyardlıq paket Konqresdən keçdikdən sonra Ukraynaya yardım məsələsinə baxılmalıdır”.

Sultan Zahidov

Politoloqun fikrincə, Ukraynaya ən böyük yardımları verən Avropa İttifaqında da (Aİ) çətin vəziyyət yaranıb:

“Aİ Ukraynaya 50 milyard dollarlıq yardım paketi ayırıb. Amma bunu Macarıstan bloklayır. Əgər bu yardımlar göndərilməsə, Kiyevin vəziyyəti daha da pisləşəcək. Volodimir Zelenski də Rusiyanın maraqlarını güdən ağır atəşkəs imzalamaq məcburiyyətində qala bilər. Qış ayları Ukraynanın əks-hücum əməliyyatları həyata keçirməsinə əngəl yaradır. Rusiyanın isə imkanları daha genişdir. ABŞ-ın yardımları əvvəlki miqdarda olmasa da davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az