Müqəddəs Eçmiədzinə (Erməni Apostol Kilsəsinin mərkəzi) qarşı mübarizə ermənilərin mövcudluğuna, erməni dövlətçiliyinə hücum deməkdir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Apostol Kilsəsinin katalikosu II Qaregin deyib.
“Müqəddəs Eçmiədzinin zəiflədilməsi ilə bağlı istənilən addım bizim milləti zəiflətmək, müstəqil və suveren əsaslarını dağıtmaq cəhdiddir” – deyə o bildirib.
Maraqlı məqam II Qareginin bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın qarşısında deməsi olub. Paşinyan onun bu sözlərinə cavab verməyib.
Qeyd edək ki, son aylar Paşinyanla kilsə arasında münasibətlər kəskinləşib. Paşinyan kilsəni hakimiyyət çevrilişinə iştirakda ittiham edir. Üstəlik, Paşinyan hakimiyyəti dolayı yolla kilsənin cəmiyyət üzərində təsirini azaltmaq niyyətində olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az