17473195366041740531 1200x630 3

“Bölgəmiz və bütün bəşəriyyət naminə əldə olunan razılaşmadan, eləcə də bu prosesə verdiyimiz töhfələrdən böyük məmnunluq duyuruq. Ümid edirik ki, bu addım bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına zəmin yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, fevralın 28-də İsrailin təxribatları ilə başlayan qarşıdurmanın aradan qaldırılması istiqamətində ötən gün mühüm irəliləyiş əldə olunub:

“Aylardır gərginlik içində olan bölgəmiz nəhayət rahat nəfəs aldı. Türkiyə olaraq, İrana qarşı hücumların ilk günündən etibarən təmkinli, soyuqqanlı və diplomatik mövqe nümayiş etdirmişik. Təxribatlara uymadıq, ədalət prinsipindən geri çəkilmədik, qonşuluq və qardaşlıq münasibətlərimizin zədələnməsinə imkan vermədik.

Körfəz ölkələrindəki müttəfiqlərimiz və qardaşlarımızla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdik. Müharibə alovunu körükləyən deyil, sülhün tərəfində dayanan ölkə olduq. Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə qardaş Pakistanın vasitəçilik təşəbbüslərinə güclü dəstək verdik.

Bölgəmizi və dünyanı təhlükəli həddə çatdıran bu böhran zamanı, şükürlər olsun ki, vətəndaşlarımızdan heç biri zərər görmədi. Qardaşı qardaşa qarşı qoymaq cəhdləri baş tutmadı. Türklər, ərəblər, kürdlər və farslar arasında yeni qarşıdurma yaratmaq istəyənlər məqsədlərinə nail ola bilmədilər.

Bölgədə baş verən dağıntıları, məktəblərdə həyatını itirən günahsız uşaqların faciəsini və beynəlxalq hüququn açıq şəkildə pozulmasını isə heç vaxt unutmayacağıq. Bununla belə, inanırıq ki, minlərlə mülki şəxsin, o cümlədən günahsız uşaqların həyatına son qoyan bu mənasız müharibə artıq başa çatıb”.

Ərdoğan sonda bir daha vurğulayıb ki, əldə olunan razılaşma bölgədə sülh və sabitlik üçün yeni imkanlar yaradır.

Paylaş: