Qarabağ bitdi, İsrail-HƏMAS savaşı başladı – Təsadüf, yoxsa geosiyasi oyun?

Azərbaycanın keçirdiyi uğurlu lokal antiterror tədbirlərindən sonra Dağlıq Qarabağ münaqişəsi tamamilə həll edildi.

Qarabağ münaqişəsinin həll edilməsindən qısa zaman sonra Yaxın Şərqdə HƏMAS ilə İsrail arasında müharibənin baş verməsi diqqət çəkir. Bəzi ekspertlər bu məsələ ilə bağlı müxtəlif tezislər irəli sürür.

Maraqlıdır, Qarabağ müharibəsi bitən kimi niyə HƏMAS-İsrail müharibəsi başladı? Bu təsadüfdür, yoxsa arxasında hansısa plan dayanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Mətin Məmmədli deyib ki, bu gün Qəzzada HƏMAS ilə İsrail arasında baş verən müharibə ilə Qarabağda baş verənlər arasında heç bir əlaqə yoxdur:

“Hər iki münaqişə tamamilə fərqlidir. Regional faktorlar, iştirak edən aktorlar, maraq dairələri, ən əsası da motivi eyni deyil. Keçmiş Qarabağ münaqişəsinin Yaxın Şərqdəki münaqişəni alovlandırması inandırıcı deyil.

Bu gün İsraillə HƏMAS arasındakı müharibəni anlamaq üçün münaqişənin tarixinə, yaranma səbəblərinə, münaqişədə maraqlı olan regional və qlobal güclərə nəzər yetirmək lazımdır. Türkiyə, Çin, Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya, İran kimi ölkələr bu gün Yaxın Şərqdə olduqca aktivdir. Bu ölkələrin aktiv olduğu bir zamanda gərginliyin alovlanması anlaşılandır.

Hesab edirəm, indiki məqamda əsas diqqətçəkən ölkə İrandır. İran İsraillə gərginlik fonunda münaqişəni alovlandıra biləcək əsas ölkədir. Yəni bütün bu faktorları nəzərə aldıqda məsələnin Qarabağla yaxından-uzaqdan əlaqəsinin olmadığını görmək olar”.

Turan Rzayev
Globalinfo.az